EN

Əli Əsədov: Yeni reallıqlar regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır

Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır.

Korrespondent.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid törədib:

"Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilib. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib".

Ə.Əsədov əlavə edib ki, hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur:

"Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək".

Chosen
2
7
korrespondent.az

10Sources