EN

Paşinyan sülh layihəsindəki şərtlərlə razıdır

Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, bu, sülh sazişi imzalandıqdan sonra mümkündür.

Paşinyan, həmçinin bildirib ki, İrəvan delimitasiya prosesi başa çatdıqdan sonra üçüncü ölkələrin qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməməyə razıdır.

“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində sərhədin bu hissələrində eskalasiya riski xeyli azalır, hətta, deyərdim, minimuma enir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə yanaşmanı təklif edir”, - o deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılıb. Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılmasıdır.

Prezident İlham Əliyev bildirib ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var:

"Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil.

Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?".

"Cebheinfo.az"

Chosen
9
1
cebheinfo.az

10Sources