EN

“İldırımlarla göyün zülmətini parçalayır”

Mirzə Şəfi Vazeh – 230

Böyük şair, tanınmış maarifçi və pedaqoq Mirzə Şəfi Vazeh ədəbiyyat tariximizdə qəzəl, müxəmməs, məsnəvi və rübailəri ilə iz qoymuş söz sənətkarlarındandır. Gəncə və Tiflisdə yaşayıb-yaradıb, müəllimlik edib.

Mirzə Şəfidən söz düşəndə onun şeirlərini aparıb Almaniyada çap etdirmiş tələbəsi Fridrix Bodenştedtin şairin tanınmasında xidməti və təəssüf ki, onun irsinə xəyanəti yada düşür. Belə ki, şairin şeirlərinin Avropada şöhrət qazandığını görən Bodenştedt 1875-ci ildə özünü bu şeirlərin müəllifi kimi qələmə verib və nəticədə, Mirzə Şəfinin adı uzun müddət unudulub. Amma haqq nazilsə də, üzülməyib. Elmi, ədəbi araşdırmalarla sübut edilib ki, bu şeirlər, həqiqətən, Mirzə Şəfiyə məxsusdur, nankor tələbəsi isə sadəcə bu əsərləri alman dilinə tərcümə edərək Qərbi Avropada yayıb.

Həyat və yaradıcılığında ləyaqəti hər şeydən üstün tutan şair bu barədə fikirlərini poetik dillə qələmə alıb:

Qoy, sən həqiqəti söyləyən zaman,

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi,

Uca tut daima arı, şərəfi!

Əsərləri XIX əsrin ortalarında, 40 il ərzində nə az, nə çox, düz 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas, aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmış şairin danılması heç bir məntiqə sığmır. Üstəlik, dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi ki, bu iş 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List tərəfindən təqdir edilərək nəşr olunub. 

Təxəllüsünün mənası “ifadəli, aydın” olan Mirzə Şəfi Vazehin yaradıcılığının çox az bir hissəsi qalır. Bu şeirləri ilk olaraq Salman Mumtaz üzə çıxarıb və 1926-cı ildə “Mirzə Şəfi Vazeh” adı ilə nəşr etdirib. Bir müddət sonra Gürcüstan Elmlər Akademiyası yanında Əlyazmalar İnstitutunda Mirzə Şəfi Vazehin öz xətti ilə yazdığı 2 qəzəli və “Məktubun intizarında” poeması tapılıb. 

Alimlər onun haqqında çox yazıblar. Rəsul Rza, Xəlil Rza, Balaş Azəroğlunun fraqmentar, Aslan Aslanovun isə sistemli tərcümələri Mirzə Şəfi Vazehi, bütövlükdə, mədəniyyətimizə qazandırıb, onu böyük Azərbaycan şairi kimi təsdiqləyib, sanki “işğal olunmağa” cəhd edilən ədəbi irsinin sahibi edib.

Onun şeirlərində ulu sələfi Ömər Xəyyamın ruhunu yaşadan misralar da var:

Hicran qəminin badeyi-gülgündür əlacı

Vazeh, danışırlar bunu meyxanələr içrə.

Mirzə Şəfinin yaşının iki əsr–bir qərinəyə çatmasına az qalır. Amma şöhrəti saralıb-solmaq bilmir. Şərqşünas Adolf Berje ilk dəfə “60 yaşlı təvazökar türk”lə Tiflis küçələrində rastlaşıb, “Alman Şərq Cəmiyyəti”nin jurnalında şairin həyatı barədə geniş məlumatları qələmə alıb. Gəncədə onun şagirdi olmuş Mirzə Fətəli Axundzadə də ustadını ehtiramla yad edib. Xatirələrində göstərib ki, məhz Mirzə Şəfi ona ruhani olmağa imkan verməyib və baxışlarının formalaşmasında böyük rol oynayıb.

Özü demişkən, “qəlbinin, ruhunun qanadlarında zülmət gecədən aydınlığa çıxan” Mirzə Şəfinin lirikası çox güclü olub. “Məhəbbət təranələri” şeirində o, yazıb: 

Bu kiçik məhəbbət təranələrim,

Yaranmış ətrindən tər nanələrin.

Əks-sədasıdır bu səslər, ey dost,

Eşqin, səadətin və nalələrin…

Şair sevgilisinin yolunda hər əzaba ­hazır olduğunu belə qələmə alıb:

Gəlmişəm vəslinin ümidi ilə,

Çıxmışam yollara, nə ola-ola.

Gözümə durmayıb yarın yolunda

Nə çətin əzablar, nə xəta-bəla.

Bəli, klassikamızın Mirzə Şəfi zirvəsi daim öz ucalığında qalmaqda və diqqət çəkməkdədir. Gəncədə heykəli ucaldılıb, məktəblərdən biri onun adını daşıyır. Tiflisdə qəbirüstü abidəsi, Bakının İçərişəhərində adına olan küçə var. 2010-cu ildə günahının “yuyulmasına” çalışılan Bodenştedtin doğma şəhəri Paynedə Azərbaycan heykəltəraşları Teymur və Mahmud Rüstəmov qardaşları tərəfindən Mirzə Şəfi və onun şagirdi Fridrix Bodenştedtə həsr olunmuş xatirə lövhəsi qoyulub. 10 il əvvəl Almaniyadan Gəncəyə Vazehin əsərləri gətirilib və onların almancadan ana dilinə tərcüməsi işlərinə başlanılıb. 5 il öncə isə Berlinin Humboldt Universitetində unudulmaz şairinin “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycan, rus və alman dillərində işıq üzü görən "Bütün əsərləri” təqdim olunub.

Bu günlərdə Bakıda, şairin adını daşıyan kitabxanada 230 illik yubileyi keçirilib. Natiqlər Mirzə Şəfi Vazeh yaradıcılığını hərtərəfli müzakirə edib, üstün keyfiyyətlərini göstərib və Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. 

Onu da deyək ki, bir müddət öncə “Ədəbiyyat və incəsənət” portalında Mirzə Şəfinin indiyədək çap olunmamış 65 şeiri ilk dəfə Azad Yaşarın təqdimatında dərc edilib. Həmin nümunələrdən bir bəndi burada yada salmaq istəyirik:

Hakim kəsildikcə öz hisslərimə

Zövqlə yaşayıram ömrün hər dəmin.

Durur xidmətimdə, itaətimdə

Pərilər, çiçəklər, ruhlar aləmi.

Doğrudan da, elədir. Düz 172 il əvvəl, 58 yaşında dünyadan köçsə də, qəzəllərinin birindən götürüb bu yazıya başlıq seçdiyimiz misrasında deyildiyi kimi, Mirzə Şəfinin gah Günəş kimi işıq saçan, gah da ildırım kimi çaxan əsərləri onu yaşadır və yaşadacaq.

Ə.DOSTƏLİ 
XQ 

 

Chosen
28
xalqqazeti.az

1Sources