EN

K.Nurullayeva: “Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ölkəmizin uğurlu idman siyasətinin nəticəsidir”

K.Nurullayeva:
16-18 dekabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 13-cü Baş Assambleyası keçirilib. Milli Olimpiya Komitəsinin və ISSA-nin İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilib.
Bu barədə 1news.az-a məlumat verən deputat bildirib ki, bu, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, ölkəmizdə uğurla reallaşan idman siyasətinin nəticəsidir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda idmanın, olimpiya hərəkatının inkişafına Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə göstərilən dəstək öz nəticəsini verməkdədir. Məlumdur ki, Azərbaycan 2017-ci ildə İslamiadaya yüksək səviyyədə ev sahibliyi etdi, Bakıdan dünyaya sülh mesajı verildi. IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində bu oyunların Təşkilat Komitəsinin sədri kimi birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə Azərbaycan təcrübəsinə istinad edilir. İslam ölkəsi kimi Azərbaycan mədəniyyətlər, xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməkdədir. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın, nüfuzunun göstəricisidir. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün həm də idman sahəsində öz təcrübəsini bölüşür”.
Deputat bildirib ki, son illər Azərbaycanın İslam dünyasında nüfuzu daha da möhkəmlənib: “Təsadüfi deyil ki, Azərbaycanın tarixi şəhəri olan Şuşa da İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Yeri gəlmişkən, Azərbaycan ötən gün 8 müsəlman ölkəsinin birləşdiyi D-8 təşkilatının da üzvü seçildi. Bu platformada da ölkəmizə yekdilliklə dəstək göstərildi”. "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən panel görüşünə spiker qismində qatılan K.Nurullayeva çıxışında bir sıra vacib məqamlara toxunub. Belə ki, oyunların uğurlu təşkilinə töhfəsi, gənclərin idmana marağının artırılması, gender bərabərliyi və parasportun əhəmiyyəti, eləcə də məhdud infrastruktura malik ölkələrə ISSA tərəfindən dəstəyin göstərilməsi və s. məsələlər üzrə təkliflərini səsləndirib. Könül Nurullayeva, həmçinin ISSA İcraiyyə Komitəsinin və Baş Assambleyasının iclaslarına da təqdimatla qatılıb. Deputat çıxışı zamanı ISSA prezidenti Əbdüləziz bin Turki Əl-Feysələ, eləcə də qurumun İcraiyyə Komitəsindən olan həmkarlarına ona göstərdikləri yüksək etimada görə təşəkkürünü bildirib. O, eyni zamanda Koordinasiya Komissiyasının strukturu, vəzifə bölgüsü və öhdəlikləri ilə bağlı həmkarlarını məlumatlandırıb. Qeyd edək ki, Baş Assambleyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev də iştirak edib. Son olaraq bildirək ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabr ayının 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya ve 1 milli idman növləri üzrə keçiriləcək.
Chosen
17
5
1news.az

7Sources