Azərbaycanda strateji əhəmiyyətli malların monitorinqi aparılacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə qərarı Nazirlər Kabineti verib.
Qərara əsasən, strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib. Bu Qayda strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan olan Dövlət Ehtiyatları Agentliyi həyata keçirəcək. Dövlət Ehtiyatları Agentliyinin Hüquqi Təminat şöbəsinin müdiri Vəfa Zeynalova “Xəzər Xəbər”ə bildirib ki, monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər. Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış tərtib ediləcək və hər ayın 15-dək Nazirlər Kabinetinə təqdim olunacaq.