EN

Siyasi şərhçi: “Azərbaycanın D-8-ə üzvlüyü zərərli deyil”

"Bu təşkilata üzv ölkələrin hamısı Amerikadan asılıdır”

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8)  sammiti zamanı Azərbaycan  D-8 təşkilatının üzvü seçilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı indiyə qədər 8 müsəlman ölkəsini birləşdirib.

Təşkilat Türkiyənin Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə keçirilən İnkişaf Əməkdaşlıq Konfransında yaradılıb.

1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.

Təşkilatın katibliyi İstanbul şəhərində yerləşir.

Hazırda D8-in Baş katibi nigeriyalı səfir İsiaka Əbdülqədir İmamdır.

Azərbaycan bu təşkilata qoşulan 9-cu müsəlman ölkəsidir.

Bəs bu təşkilata üzvlük Azərbaycana nə verəcək? Bakının buraya üzvlüyü hansı zərurətdən doğub?

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, Azərbaycanın bu təşkilata üzvlüyü ölkəyə hər hansı bir zərər gətirməyəcək.

"Əgər bir neçə sanballı ölkə yığışıb bir təşkilatda təmsil olunursa, Azərbaycanın ora üzvlüyü ən azı zərər gətirməz. İkincisi də, Azərbaycanın əsas müttəfiqi Türkiyə, ərəb dünyasının aparıcı ölkəsi Misir, müsəlman dünyasının əhalisinin sayına görə ən böyük ölkəsi İndoneziya, Afrikanın əhalisinin sayına görə böyük ölkəsi Nigeriya bu təşkilata üzvdür. Ona görə də bu təşkilata üzv olmaq ən azı zərər gətirməyəcək, faydası ola bilər”, – deyə o bildirib.

"Bəs Qərblə münasibətlərin soyuqlaşdığı bir dövrdə Azərbaycanın bu təşkilata üzvlüyü təsadüfdürmü?” sualına isə siyasi şərhçi belə cavab verib:

"Əvvəla, orada təmsil olunan dövlətlərin hamısı birlikdə Qərblə rəqabət aparacaq gücdə deyillər. Digər tərəfdən həmin ölkələrin demək olar ki, hamısı Qərbdən, xüsusən də ABŞ-dən asılı ölkələrdir. Ona görə də bu üzvlüyün Qərblə münasibətlərin soyuqlaşdığı fonunda verilməsini qəbul etmirəm”.
Chosen
39
50
arqument.az

10Sources