EN

İlham Əliyevə təbriklər gəlir - Yenilənib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.

Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.

Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.

Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksək səviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.

Hörmətli Prezident, Zati-aliləri.

Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram”.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.

Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.

Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.

Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Chosen
9
4
qafqazinfo.az

7Sources