EN

Daha bir NÜVƏ ÖLKƏSİ YARANIR - ABŞ-dən SOS

Bu gün, 09:27

ABŞ həyəcan təbili çalır

ABŞ prezidenti Co Baydenin administrasiyası zəifləmiş İranın nüvə silahı yaratmaq qərarına gələ biləcəyindən narahatdır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CNN telekanalına müsahibəsində deyib.
Sallivan “İsrailin raket fabrikləri və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, İran ərazilərinə son zərbələrinə” istinad edərək, Tehranın “konvensional imkanları”nın da azaldığını bildirib.
“İranda” bəlkə biz indi nüvə silahı yaratmalıyıq?" Biz nüvə doktrinamızı yenidən nəzərdən keçirməli ola bilərik", kimi düşüncələr oyana bilər", - deyə ABŞ rəsmisi qeyd edib. Ağ Ev rəsmisinin sözlərinə görə, indi İranın “nüvə silahı yaratmayacağıq” mövqeyinə yenidən baxacağı ilə bağlı “real risk” mövcuddur.
Bu açıqlamaların ardından bir sıra suallar ətrafında geniş müzakirələr açılıb. Məlumdur ki, cənub qonşumuz son olaraq, Suriyada mövqelərinin böyük qismini itirmiş oldu. Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvaya qaçışını Rusiya ilə yanaşı İranın məğlubiyyəti kimi görənlər daha çoxdur. Eyni zamanda 10 ildən çoxdur İran ciddi sanksiyalar altındadır. Rəsmi Tehran son aylarda İsrailin hücumları ilə də ara-sıra üzləşməkdədir. Belə bir şəraitdə bir sual meydana çıxıb.
Zəifləmiş durumda görünən İran indiki vaxtda nüvə silahına sahiblənə bilərmi? 

Azər Hüseynov 
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov dedi ki, dünyada və regionda gedən proseslər ölkələrin xarici siyasət kurslarına təsir edir: “İran nüvə silahı hazırlamayacağını bəyan edib. Bununla yanaşı, İranın Yaxın Şərq regionunda təsirini əvəz edən amillərə malik olduğunu bilirik. Lakin Suriyada hakimiyyətin dəyişməsi bir çox məsələlərin də dəyişməsinə gətirib çıxardı.
Suriya vasitəsilə İran Livana, "Hizbullah"a silah ötürə bilirdi və bununla İsrailə təzyiq göstərirdi. "Hizbullah"ın şimaldan İsraili təhdid etməsi, zaman-zaman raket atəşinə tutması isə HƏMAS-a dəstəkləyici amil kimi çıxış edirdi. Suriyada Bəşər Əsədin hakimiyyətinə son qoyulması ilə İran bu imkanı itirdi. Digər tərəfdən, Suriyanın gələcəyi ilə bağlı olaraq orada aktiv rol alan Türkiyə və ABŞ-ın mövqeləri arasında fərqlər mövcuddur. Türkiyə Suriyanın unitar dövlət olaraq qalmasını istəyir ki, gələcəkdə federallaşma təhlükəsi ilə özü də üzləşməsin. Ancaq ABŞ-ın YPG ilə münasibətləri, eləcə də məsələlərə baxış tərzi fərqlidir.
Ehtimal olunur ki, ABŞ Suriyanın federal əsaslı dövlət olmasını istəyir. Bu təhlükənin yayıla bilməsi İranı narahat edir. İsrail də əslində ətrafında onu təhdid edə biləcək aktorların unitar olmasını istəməz. Buna görə də bu məsələdə ABŞ və İsrailin mövqeləri ortaqdır. Belə olan təqdirdə İranın ətraf amillər baxımından öz baxışları acısından ciddi təhlükələrlə üzləşdiyini görmək mümkündür. Ancaq İran bu problemlərini daha çox açıq və ya gizli şəkildə Türkiyə ilə koordinasiya etməklə həll etmək istədiyi düşüncəsindəyəm. Çünki qısa müddət ərzində İranın nüvə silahına malik olması mümkün görünmür. Eyni zamanda İran çox yaxşı bilir ki, regionda mövqeləri kifayət qədər güclü olan ABŞ və İsraillə Suriyadakı son proseslərdən sonra açıq şəkildə münaqişəyə girmək olmaz. Bu, onun məhvinə səbəb ola bilər. Ancaq İran özünü qorumaq üçün nüvə silahına sahib olma fəaliyyətini gücləndirə bilər.
Sallivanın dediklərinə gəldikdə isə burada yeni bir şey yoxdur. ABŞ hər zaman İranla bağlı öz narahatlıqlarını ifadə edib. Necə ki, əvvəlki dövrlərdə də digər Yaxın Şərq ölkələrinə dair bənzər bəyanatlar vermişdi".
Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeniantiterror əməliyyatını şərtləndirir - AZƏRTAC
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qarşıdakı ayları çox kritik sayır: “İran nüvə silahı hazırlamasına dair uzun illərdir ki, mövcud iddiaları birmənalı şəkildə təkzib edir. Lakin ABŞ hər zaman buna şübhə ilə yanaşıb və İranı daim təzyiq altında saxlamağın, sanksiya tətbiq etməyin lehinə olub. Avropanın enerji təhlükəsizliyi çərçivəsində İranla əməkdaşlıqda maraqlı olması səbəbilə nəhayət ki, 2015-ci ildə razılaşma əldə olunmuşdu. Bu sənəd İranın nüvə siyasətini dəyişməsi qarşılığında tətbiq olunan sanksiyaların yumşaldılmasını və tədricən aradan qaldırılmasını özündə ehtiva edir. Lakin 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti olan Tramp bu sənəddən birtərəfli qaydada çıxdı. Bu, təbii olaraq, İranın bu sənədə tam riayət etməməsi, uranı zənginləşdirməsi ilə nəticələndi. Ən son məlumatlara görə, İran uranı 60%-dən çox zənginləşdirib. Bununla uranın sadəcə enerji istehsalı və sivil istifadəsi məqsədilə zənginləşdirilmədiyi aydın olur. Belə ki, dünyada İrandan başqa heç bir atom enerjisi istifadəçisi, istehsalçısı bu həddə uran zənginləşdirməsi etməyib. 2025-ci ildə 10 illik müqavilənin müddəti başa çatacaq. Bu müddət kifayət qədər kritikdir. Buna görədir ki, ABŞ-dan İrana yönələn mesajlar təhdid xarakteri daşıyır. İranın mövqeyi isə birmənalıdır. Əgər ABŞ müqaviləyə geri dönməyəcəksə, sanksiyalarla bağlı siyasət dəyişməyəcəksə, o zaman İran da nüvə silahlarının yayılmamasına dair razılaşma öhdəliklərinə əməl etməyəcək və uranı nüvə silahı əldə edəcək səviyyədə zənginləşdirməyə davam edəcək. Bu, Qərbdə təhlükə olaraq görülür. Elə buna görə də bu yaxınlarda E3 (Almaniya, Fransa və Böyük Britaniya) İranı öhdəliklərə əmək etməyə çağıran qətnamə qəbul etdi. İranın hazırda Yaxın Şərqdəki maraqlarının məğlubiyyətə uğradıldığı qeyd edilə bilər. Xüsusilə İsrailin HƏMAS və "Hizbullah" kimi İranın proksi güclərinə qarşı uğurlu əməliyyatları, Suriyada Əsəd rejiminin devrilməsi və s. qeyd oluna bilər ki, bunlar İranın mövqe itkiləridir. Belə bir vəziyyətdə İranın nüvə silahı əldə edəcək qədər uranı zənginləşdirməsi gözlənilən deyil. Çünki bu, İrana qarşı birbaşa və açıq müharibənin başlanmasına səbəbiyyət verə bilər. Bu fonda Trampın gələcək administrasiyasının üzvlərinin antiİran bəyanatlar səsləndirməsi, sadəcə, İrana təzyiq xarakteri daşıyır. Qeyd etdiyim kimi, 2025-də müqavilə yenilənməlidir və İranın bir sıra şərtləri var. Bu şərtlər 1) İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması, 2) İrana qarşı insan hüquq və azadlıqları ilə bağlı sanksiyaların aradan qaldırılması, 3) SEPAH-la bağlı sanksiyaların aradan qaldırılmasını özündə ehtiva edir. Bu şərtlərin ABŞ tərəfindən qəbul edilməsi çətin məsələdir. Ona görə də qarşıdakı aylar kritik olacaq. 5+1 çərçivəsində İranla yeni razılaşmanın əldə olunub-olunmamasından asılı olaraq regional siyasət yeni şəkil alacaq. 2025-ci ildə, ümumiyyətlə, dünyanın müxtəlif qaynar münaqişə ocaqlarında mühüm nəticələr əldə olunacağı gözlənilir ki, bu çərçivədə İranla yeni başlanğıcın əldə olunması regional sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyacaq”.
Chosen
4
1
Reportyor.tv

10Sources