İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə redaksiyamıza təqdim etdiyi məqalədə bildirir ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi respublikamızın inkişaf etməkdə olan həmin dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə, investisiya və xarici ticarət dövriyyəsinin artmasına əsas yaradır.
Artıq uzun zamandır ki, bu qurum İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə – bank, Türkiyənin sənaye, səhiyyə, şəhərsalma, Pakistanın kənd təsərrüfatı, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigerinin enerji qaynaqlarının idarəedilməsi sahələrində fəaliyyətlərini əlaqələndirir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma rolunda çıxış edir.
Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8-ə üzv ölkələrin nominal milli gəlirləri, təqribən, 5,1 trilyon dollar, adambaşına düşən milli gəliri isə cəmi 48 min dollardan çox olub. Təşkilata üzv ölkələrin, ümumilikdə, əhali sayı 1,3 milyard nəfərə yaxınlaşıb. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi isə 2 trilyon dollara çatmaqla qlobal ticarətin 4,5 faizini və qlobal ümumi daxili məhsulun 5 faizini təşkil edib.
Nicat Hacızadə vurğulayıb ki, inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq. Azərbaycanın Türkiyə və İran ilə geniş ticarət və investisiya əlaqələrinin olmasına baxmayaraq, qalan dövlətlərlə iqtisadi münasibətlərinin daha da genişlənməsinə ehtiyac var. Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi 7,7 milyard dollar olmaqla, D-8 iqtisadiyyatları ilə məcmu xarici ticarət dövriyyəsinin 90 faizini, İran ilə xarici ticarət dövriyyəsi 487,4 milyon dollar olmaqla, ümumi dövriyyənin 5,7 faizini təşkil edir. Eyni zamanda, respublikamızın D-8 təşkilatına üzv ölkələr ilə birgə məcmu xarici ticarət dövriyyəsi 8,52 milyard dollar təşkil edir ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 16,7 faizinə bərabərdir.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın D-8 ölkələrinə ümumi ixracı 5,6 milyard dollar təşkil edib. Üzv ölkələr arasında Azərbaycanın ən aşağı ticarət dövriyyəsi 477 min dollar ilə Nigeriya olub. Qarşılıqlı birbaşa xarici investisiya dövriyyəsinin də əsas hissəsi Türkiyə və İranın payına düşüb. Belə ki, 2024-cü ilin 9 ayı ərzində Türkiyənin Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 912 milyon dollar, İranın isə 275,9 milyon dollar təşkil edib.
Azərbaycan təşkilata üzvlüyü ilə D-8 preferensial ticarət sazişi anlaşmasına qoşularaq üzv ölkələrlə qarşılıqlı ticarət imtiyazlarından istifadə edə bilər. Bura tariflərin qarşılıqlı endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, mənşə qaydalarının müəyyənləşdirilməsi və s. daxildir. Hazırda Türkiyə və Pakistanla preferensial ticarət razılaşması olan Azərbaycanın qalan üzv ölkələrlə də güzəştli ticarət razılaşmalarına daxil olması mümkündür. Bu, respublikamızın qeyri-neft-qaz ixracının çeşidlənməsi və şaxələndirilməsi baxımından əlverişli fürsətdir.
Nicat Hacızadənin sözlərinə görə, D-8 ölkələrinin 2030-cu ilə qədər qəbul edilən Birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15-20 faizə çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatın da böyüməsi ilə nəticələnəcək.