Hazırda “HALAL” sertifikatlaşma ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edən 6 müəssisə ilə bağlı müvafiq işlər həyata keçirilir.
Bu barədə açıqlamasında İnstitutun şöbə müdiri Rəşad Mehdizadə məlumat verib.
O bildirib ki, müraciətlər arasında kolbasa və sosiska istehsalı müəssisələri üstünlük təşkil edir:
"Bundan başqa, yumurta və ət kəsimi istehsalı müəssisələri də müraciətçilər arasındadır".
Sertifikasiya verilməsi şərtlərinə toxunan şöbə müdiri qeyd edib ki, kəsim və emal müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilir və nəticədə qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunur, qiymətləndirmə ən yaxşı halda 1 ay çəkir.
Onun sözlərinə görə, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür:
"Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir".
Məlumat üçün bildirək ki, ölkədə “HALAL” uyğunluq sertifikatını verilməsinə yeni başlanılıb və tələblərə cavab verən cəmi iki müəssisəyə bu sertifikat təqdim olunub.
Qeyd edək ki, AQTİ Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib və İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahibdir.
Aşağıdakı 4 kateqoriya üzrə halal sertifikatlaşma prosesini icra olunur:
- iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi
- balıq və dəniz məhsullarının emalı
- qablaşdırmanı əhatə edən süd və süd məhsulları
- qablaşdırmanı əhatə edən emal edilmiş ət məhsulları
Təqdim edilən sertifikat İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzv olan ölkələrdə tanınır.