EN

Görmə məhdudiyyəti olan uşaqlar üçün Yeni il şənliyi keçirilib

Bakı, 24 dekabr, AZƏRTAC

Bakıda yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbiri Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi (QEOŞSD) və “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə birgə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə, “Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları (18 yaşınadək əlilliyi müəyyən edilmiş) üçün Yeni İl şənliyinin təşkili” layihəsi çərçivəsində həyata keçirilib.

Bayram şənliyində 100 nəfərə yaxın görmə məhdudiyyəti olan uşaqlar və onları müşayiət edən valideynlər iştirak edib.

Görmə imkanları məhdud olan uşaqlar üçün hər bir tədbir fərdi ehtiyaclara uyğun hazırlanıb və onlara tam müyəssər şərait yaradılıb.

Gözdən Əlillər Cəmiyyəti İB-nin sədri Səmyar Abdullayev çıxış edərək dövlətin sosial qruplara böyük dəstək göstərdiyini bildirib. Qeyd edib ki, xüsusilə fiziki qüsurlu uşaqların sosial müdafiəsinin gücləndirilməsi yönümündə addımlar atılır. Gələn ilin dövlət büdcəsində sosial xərclərin artırılmasını vurğulayan birliyin sədri Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial siyasətin uğurla davam etdirilməsini təqdirəlayiq olduğunu deyib.

Daha sonra çıxış edən Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Lamiyə Əliyeva bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman diqqət göstərilir. Agentliyin mütəmadi olaraq bayram şənliklərinin keçirilməsinə dəstək verdiyini qeyd edən L.Əliyeva tədbirin təşkilatçılarına xüsusi təşəkkür edib.

Tədbirin yaddaqalan anlarından biri də müxtəlif nağıl personajlarının təqdim etdiyi şou proqramı olub. Uşaqlar sevdikləri nağıl qəhrəmanlarının canlı çıxışlarını izləyərək, Yeni il ruhunu daha dərindən hiss ediblər.

Nağıl personajları öz şən və rəngarəng performansları ilə uşaqları əyləndiriblər. Şənlikdə xüsusi oyunlar və yarışmalar da təşkil olunub. Uşaqlar həm əyləniblər, həm də oyun və yarışmalarda fəal iştirak ediblər.

Tanınmış müğənnilər və musiqiçilər, görmə məhdudiyyəti olan uşaqların və onların ailələrinin bayramını daha da şənləndirib, onları musiqi və mahnılarla əyləndiriblər.

Musiqiçilər uşaqlara xüsusi olaraq müyəssər formada təqdim edilmiş musiqi nömrələri ilə bayram atmosferini daha da gücləndiriblər.

Şənlikdə hər bir uşaq üçün xüsusi hədiyyələr təqdim edilib, onlara müxtəlif təhsil və inkişafetdirici materiallar, həmçinin əyləncəli oyuncaq və texnoloji cihazlar verilib.

Qeyd olunub ki, bu cür layihələr və tədbirlər, cəmiyyətin hər bir üzvünün bərabər imkanlara sahib olmasına və xüsusi ehtiyacı olan uşaqların həyatlarını zənginləşdirmək məqsədinə xidmət edir.

Dekabrın 25-26-da Abşeron və Sumqayıtdan olan uşaqlar üçün oxşar Yeni il şənlikləri keçirilməsi planlaşdırılır.

 

Chosen
9
azertag.az

1Sources