"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Senzor.az bildirir ki, bu barədə QSC-dən məlumat verilib.
Qeyd olunub ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqə, Balakəndən Bakıya 8 saat 40 dəqiqə).
Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.