EN

Bakıda nadir Səfəvi xalçaları sərgilənir

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb.

APA xəbər verir ki, sərginin açılışında ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunub.

Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək muzeyin yaranma tarixi, yeni binanın inşası, fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Təşkil edilmiş sərginin əhəmiyyətindən söhbət açan Ə.Məlikova bildirib ki, sərgi 2025-ci il mayın 10-dək davam edəcək.

Daha sonra “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində məlumat verilib. Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da nümayiş edilib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, hüquq üzrə fəlsəfə doktoru Səadət Yusifova Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanda yaradılan bənzərsiz sənət nümunələri, xüsusən, xalçaçılıq sənətinin inkişafı, dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr hazırlanması barədə söhbət açıb. Nazir müavini ölkə rəhbərliyinin xalça sənətinə xüsusi diqqət və qayğısını vurğulayıb, eyni zamanda, “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisinin təşkilinin tarixi ənənələri təbliğ və təqdim etmə baxımından təqdirəlayiq addım olduğunu qeyd edib.

“BP Azərbaycan”ın Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin indiyə qədər dəstək olduğu mədəni layihələrə ötəri nəzər salıb və gələcəkdə də bu ənənələrin davam etdiriləcəyini bildirib.

Chosen
9
9
aznews.az

10Sources