Xolesterol səviyyəsinin normada saxlanması sağlamlığın qorunmasında vacibdir, çünki yüksək səviyyədə pis xolesterol (LDL) bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Balanslı qidalanma və sağlam həyat tərzi riski azalda bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, xolesterol hüceyrələrin quruluşunda iştirak edir, hormonların, D vitamininin və öd turşusunun yaranması üçün vacibdir. Ancaq yüksək səviyyədə xolesterol damarlarda lövhə toplanmasına (ateroskleroz) və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Yüksək xolesterolun nəticələri
Yüksək xolesterol hipertoniya, infarkt və insult kimi problemlərə yol açır. Simptomlar aşağıdakı kimidir:
- Sinə və ayaqlarda ağrı, qarışqa gəzmə hissi
- Göz ətrafında yağ yığıntıları
- Başgicəllənmə, yorğunluq, nəfəs darlığı
- Dərinin solğunlaşması
Xolesterolun yüksəlmə səbəbləri
Xolesterol qaraciyər tərəfindən istehsal olunsa da, heyvansal qidalar vasitəsilə də qəbul edilir. Əsas səbəblər:
- Hərəkətsiz həyat tərzi
- Piylənmə və artıq çəki
- Trans yağlarla zəngin qidalar
- Ailəvi xəstəliklər
- Şəkərli diabet, tiroid pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri
Xolesterol səviyyəsini artıran qidalar
Aşağıdakı qidaların həddindən artıq istifadəsi xolesterol səviyyəsini artırır, necə deyərlər kəllə-çarx edir:
- Qırmızı ət, yağlı süd məhsulları
- Mayonez, marqarin, yağda qızarmış yeməklər
- Hazır salat sousları, un məmulatları, şirniyyatlar
- Palma və hindistan qozu yağı
Nə etməli?
Xolesterol səviyyəsini normada saxlamaq üçün bu qidaların istehlakını məhdudlaşdırmalı, balanslı qidalanmalı və mütəmadi fiziki aktivliklə məşğul olmalısınız.
Milli.Az