EN

Tiktokerlər əxlaqsızlığı təbliğ etdiyinə görə əslində buna görə saxlanılıblar - Ortada dəhşətli iddia var - Foto

Zaman-zaman sosial şəbəkələrdə əndazəni aşan şəxslərə qarşı hüquq çərçivəsində ciddi tədbirlər görülsə də, bu, bəzən başqalarına dərs olmur. Bu mövzuda dırnaqarası xüsusi fərqlənən isə "TikTok"dur. Çünki burada həm də pul qazanmaq olur. Bu maraq bəzilərini sosial platformada fenomen olmağa can atdırır. Bunun üçün bəzən savad, bilik yox - tərbiyəsizlik, əxlaqsızlıq, soyunmaq, təhqir etmək, ağzına gələni danışmaq lazımdır. Bu, nə bizim iddiamızdır, nə də "TikTok"un daxili qaydası. Bu, hamının gördüyü, gəldiyi nəticədir. Bu şəxslər üçün tez bir zamanda "məşhurlaşmağın" başqa yolu yoxdur. Biz istəsək də, istəməsək də bu şəxslərin videosunu görürük, qarşımıza çıxır. Amma əlimizdən bir şey gəlmir, biz bu insanları dəstəkləməsək də, özlərinin ayrıca imkanlı dəstəkçiləri var ki, bu barədə bir qədər sonra.

"TikTok"da özlərini apara bilməyən, tərbiyəsizliyi təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Bu, ilk növbədə cəmiyyətin polisə kütləvi çağırışı idi. DİN-in məsələyə həssas yanaşması, tədbir keçirməsi, anında cəmiyyətin çağırışına haray verməsi ötən günün hadisəsi kimi dəyərləndirilə bilər. Elə bunun nəticəsidir ki, bu mövzuda hər paylaşımın şərh bölümündə Azərbaycan polisinə təşəkkür edilir.

Digər tərəfdən bu fikirdə olanlar da var ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza yoxdur. Amma nəzərə almaq lazımdır ki, DİN sadəcə, bu şəxslərin saxlanılmasını təsdiqləyib, araşdırmanın davam etdirildiyini bildirib. Çünki burada məsələ təkcə tərbiyəsizliyin təbliği deyil...

Yuxarıda qeyd etdiyimiz kimi, tiktokerlərə qarşı kütləvi marağın olması burada təkcə əyləncə xarakteri daşımır. "TikTok"da əsas məsələ iqtisadi maraqlar, maliyyə dövriyyəsidir. Hansısa formalarda oyuna cəlb edilmiş şəxslər əyləncə adı altında vəsaitləri xaricə çıxarırlar, yəni, vəsaitləri kriptovalyuta dövriyyəsinə yönəltməklə hesabatdan gizlədilmiş formada gəlirlər əldə edirlər. Oyunları əyləncə adı altında keçirən şəxslərin üzərlərindən yüzlərlə ayrı-ayrı banklara məxsus kartların aşkarlanması faktı varsa, bu, onların əsas maliyyə hədəfləri olmasını aydın göstərir. Digər tərəfdən hər bir iştirakçıya oyunun guya əyləncəli olmasını artırmaq məqsədilə 500-1 000 manat pul vəsaitlərinin verilməsi də qaranlıq məqamlar sırasındadır.

Bu proses həyata keçirilərkən bir neçə faktor nəzərə alınır. Əvvəlcə, çirkli pulları yumağa çalışan şəxslər tiktokerlərlə anlaşır, onlara müəyyən məbləğ göndəriləcəyi və pulun bir hissəsinin geri qaytarılacağı bildirilir. 20-25 faiz qazanc vəd edilən tiktoker bu virtual hədiyyələri qəbul edərək sonradan məbləği nağdlaşdırır və çirkli pulların yuyulmasında beləcə iştirak edir.

Təbii ki, bizim əlimizdə hər hansı fakt olmadan kimisə çirkli pulların yuyulmasında ittiham edə bilmərik. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətində olan məsələdir. Daxili İşlər Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi, məsələ araşdırılır.

Lakin "TikTok"dakı fantastik məbləğlər şübhə məqamı da yaradır. Çünki bu insanların fərdi bir istedadı yoxdur, hansısa elmi araşdırma iştirakçısı, ixtiraçı, alim, mühəndis deyillər. O zaman sual yaranır: Cəmiyyət üçün faydalı iş əmsalı sıfıra bərabər olan bu şəxslərə niyə bahalı hədiyyələr göndərilir? Axı bu hədiyyələr misal üçün, planetini xilas edəcək layihələrin gerçəkləşdirilməsinə dəstək məqsədilə göndərilmir.

Əyləncə məqsədilə göndərilməsi də inandırıcı deyil. Tutaq ki, özünü şairə kimi təqdim edən "Dvijeniya İlhamə"nin bir məclisdə ortalığa düşüb özünə yaraşdırdığı "rəqs"i nümayiş etdirməsinin ödənişi nə qədər olar? Maksimum 100 AZN. Bax, onda sual yaranır ki, bu və bu kimi şəxslərə niyə bahalı-bahalı hədiyyələr göndərilir?

Təqdim etdiyimiz video diqqətimizi çəkməyə bilməz. Təxminən 5 dəqiqəlik videoda Azər Zahidin təşkil etdiyi yarışa qatılan iştirakçının getməsi üçün "TikTok"un 20-dən çox ən bahalı hədiyyəsi göndərilir ki, bunun da qiyməti 600 dollar civarındadır. İndi yenə sual yaranır, bu adam müğənni, hansısa efirdə keçirilən səs, muğam yarışmasının iştirakçısı da deyil, adi tiktokerdir - onun yarışdan getməsinə 5 dəqiqə ərzində niyə 20 min manat pul xərclənir? Bu pulu 5 dəqiqə ərzində "yoxa çıxarmaq" bu qədərmi asandır?

7

Hər halda əziyyət hesabına qazanılan pullar bu şəkildə xərclənilə bilməz. Elə şübhə də buradan qaynaqlanır.

Hər halda ortada Türkiyə nümunəsi var. Ötən aylarda qardaş ölkədə bir sıra sosial şəbəkə fenomenlərinin həbsi ilə nəticələnən əməliyyatlar keçirildi və aydın oldu ki, bu şəxslər çirkli pulların yuyulmasında bilavasitə iştirak ediblər. Azərbaycanda saxlanılan tiktokerlər ətrafında bu istiqamətdə də araşdırma aparılacağı istisna deyil. / Qafqazinfo

Chosen
25
1
show.az

10Sources