EN

Ərəstun Oruclu: Təyyarənin Xəzər üzərindən Qazaxıstana yönəldilməsi iz itirmək cəhdi olub...

Qroznıya uçan Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı çox saylı versiyalar və iddialar irəli sürülür...

Siyasi-şərhçi: “Hesab edirəm ki, Rusiya raketi və yaxud hava hücumundan müdafiə sistemləri ilə təyyarənin vurulması ehtimalı daha yüksəkdir”.

“İnsanları xilas etmək əvəzinə Rusiya tərəfi onları ölümə məhkum etdi. Bu da artıq ağır cinayətdir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı səsləndirilən versiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Qroznıya uçan Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı çox saylı versiyalar və iddialar irəli sürülür. Versiyalardan biri də təyyarənin quyruq hissəsində Rusiya hava hücumundan müdafiə sisteminin raketinin partlaması haqqında versiyadır. Təyyarənin quyruq hissəsində olan zədələr də bu versiyanı daha da gücləndirir.

Bəs, bu versiyanı necə dəyərləndirmək olar? Ukrayna dronlarını vurmağa çalışan Rusiya hava hücumundan müdafiə qüvvələrinin raketi təyyarənin yaxınlığında partlaya bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Təsəvvür edin, gözlənilməz hadisə baş verib və oradakı insanları xilas etmək əvəzinə, izi itirmək üçün zədəli təyyarəni dənizin üzərindən Qazaxıstana göndərirlər. Bu Rusiya dövlətinin hansı xislətə sahib olmasından xəbər verir”.

Yalnız pilotların, uçuş heyyətinin səyləri nəticəsində təyyarənin Xəzərin o tayına qa ədər uça bildiyini vurğulayan ekspert bildirib ki, təyyarəni Aktuaya göndərməkdə məqsəd göyərtəni batırmaq və cinayətin izlərini itirməyə çalışmaq olub:

“Mən hesab edirəm ki, Rusiya raketi və yaxud hava hücumundan müdafiə sistemləri ilə təyyarənin vurulması ehtimalı daha yüksəkdir. Xatırladım ki, İran da o vaxt Ukrayna təyyarəsini səhvən vurmuşdu. Bundan təqribən 10 il əvvəl ukraynalılar Qara dəniz üzərində təlim zamanı səhvən İsrail təyyarəsini vurub. Yəni belə səhvlər olur. Amma vurulmuş təyyarə Xəzərin o tayına yollanılıb. Bunu da dispetçer edib və dispetçer bunu heç vaxt öz başına edə bilməz. Çünki dispetçerlərin əlində konkret təlimat olur.

Əgər təyyarə qəza enişi edirsə və şübhəsiz ki, pilot bunu istəyib, təyyarəni hava limanına endirmək mümkün olmayanda dispetçer bütün dəhlizi boşaldır, ən yaxın hava limanına enişi təmin edir. Mən hesab edirəm ki, bunun əvəzinə təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstana yönəldilməsi cinayətin izini itirmək cəhdidir.

Mən təyyarənin qara qutusunun detallarının tam açılmayacağını söykənərək əminliklə deyə bilərəm ki, biz bu barədə tam məlumat ala bilməyəcəyik. Yalnız pilotların, uçuş heyyətinin səyləri nəticəsində təyyarə Xəzərin o tayına qədər uça bilib. Təyyarəni Aktauya göndərməkdə məqsəd göyətəni batırmaq və cinayətin izlərini itirməyə çalışmaq olub. Bu hadisə eyni ilə Azərbaycanın 2 il əvvəl hərbi təyyarəsinin Xəzər üzərində vurulması kimidir. Yəni Rəşad Atakişiyevin qırıcı təyyarəsinin vurulmasından söhbət gedir. Təyyarə çıxarılanda müəyyən oldu ki, onun alt hissəsi olmayıb. Bunu etiraf etdilər.

Təsəvvür edin, gözlənilməz hadisə baş verib və oradakı insanları xilas etmək əvəzinə, izi itirmək üçün zədəli təyyarəni dənizin üzərindən Qazaxıstana göndərirlər. Bu Rusiya dövlətinin hansı xislətə sahib olmasından xəbər verir.

Qeyd edim ki, bütün dünya təyyarənin vurulması versiyası üstündə durub və mən də hesab edirəm ki, təyyarənin vurulması yeganə versiyadır. Təyyarənin üzərindəki izlərdə bunu sübut edir. O izlər güllə izləri deyil, məhz qəlpə izləridir. Bunun başqa izahı yoxdur, ola da bilməz. Çünki təyyarənin zədələnməsi faktdır. Yayılan videoların ikincisinsə oksigen maskaları da avtomatik açılıb.

Ərəstun Oruclu: “Təyyarə havada necə zədələnə bilər ki, onun salonunun hermetikliyi pozulsun və oksigen maskaları açılsın. Təyyarənin vurulmasının əsas əlamətlərindən də biri budur”.

Təyyarənin konstruksiyası elədir ki, salonunda hermetiklik pozulanda, yəni deşik, zədə əmələ gələndə oksigen maskaları avtomatik açılır. Bu təyyarədə də maskaların açıldığı görünür. Yəni təyyarə havada necə zədələnə bilər ki, onun salonunun hermetikliyi pozulsun və həmin maskalar açılsın. Təyyarənin vurulmasının əsas əlamətlərindən də biri budur.

Raket heç zaman birbaşa təyyarəyə toxunmur. Mütəxəssislər deyirlər ki, raket təyyarənin yaxınlığında partlayır və onun dalğası təyyarəni sıradan çıxarır. Dediyim kimi, burada hadisədən daha çox cinayəti itirmək cəhdidir. Yaxın 3 ən yaxın hava limanına təyyarəni göndərmək əvəzinə Aktauya göndərməkdə məqsəd nə olub? Təbii ki, cinayətin izini itirmək.

Bunu görə də mən birmənalı şəkildə deyirəm ki, təyyarə vurulub. Ən dəhşətlisi vurulması deyil. Təyyarə vurulub-vurulub, hadisədir baş verib. Ancaq Rusiya tərəfi insanları xilas etmək əvəzinə onları ölümə məhkum edib. Bu da artıq ağır cinayətdir”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
46
10
poliqon.info

10Sources