EN

Təyyarə qəzasından sonra Azərbaycanda möhkəm milli və siyasi həmrəylik mühiti bir daha göründü – RƏY

Milli Məclisin deputatı Könül Nurullayeva dekabrın 25-də baş vermiş təyyarə qəzasından sonra Azərbaycan cəmiyyətində milli və siyasi həmrəylik mühitinin möhkəmlənməsindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, o, “Report”a açıqlamasında Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə qəzasının hamını sarsıtdığını qeyd edib:

“Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, bunların heç biri rəsmi şəkildə təsdiqlənməyib. Təbii ki, əsl səbəb araşdırmalar başa çatdıqdan sonra bəlli olacaq”.

Deputat Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevin hadisə haqqında məruzədən sonra dərhal geri dönmək barədə tapşırıq verməsinə də toxunub:

“Bu, Azərbaycan dövlətinin və şəxsən Prezidentin məsələyə çevik reaksiyası idi. Dövlət başçısının təyyarəsi enəndən dərhal sonra hava limanında operativ müşavirə keçirildi, dövlət komissiyası yaradıldı və dövlət qurumları nümayəndələrindən ibarət heyət hadisə yerinə göndərildi”.

K.Nurullayeva vurğulayıb ki, hadisə Azərbaycanın hava məkanında baş verməsə də, müvafiq dövlət qurumları qazaxıstanlı həmkarlarla əlaqəli şəkildə hadisə haqqında mümkün qədər cəmiyyəti məlumatlandırmağa çalışıb:

“Qazaxıstanın operativ və çevik reaksiyasını, məlumat mübadiləsini xüsusi qeyd etməliyik. Təbii ki, aviaqəzalar dünyanın müxtəlif yerlərində baş verir. Heç bir ölkə belə təhlükələrdən sığortalanmayıb”.

Milli Məclisin üzvü pilotların qəhrəmanlığını, eyni zamanda təyyarə bələdçisi Hökumə Əliyevanın fədakarlığını da xüsusi qeyd edib:

“Məhz bu faktor qəzadan bəzi sərnişinlərin sağ çıxmasını təmin edib.

Bu hadisə Azərbaycan cəmiyyətində növbəti dəfə milli və siyasi həmrəylik mühitinin möhkəmliyini təsdiqlədi. Belə ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar təyyarə qəzası ilə bağlı birgə bəyanat yayıblar. İyirmi dörd partiya bir daha xalqımızın və dövlətimizin yanında olduğunu bəyan edib, bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayıb, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırıb”.

K.Nurullayeva son bir neçə ildə siyasi partiyaların birgə bəyanat və müraciətlər imzalamasını ölkədə həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən təcrübə kimi qiymətləndirib:

“Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Chosen
23
nocomment.az

1Sources