EN

Ukraynadan qaz nəqlinin dayanması kimə daha çox zərər verəcək?

Kiyev və Moskva arasında Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə tranzitinə dair razılaşma 3 gündən sonra başa çatacaq. Hər iki tərəf razılaşmanın davam etdirməyi planlaşdırmır.

Reuters yazır ki, Ukrayna vasitəsilə Avropaya nəql olunan Rusiya qazı həcmcə nisbətən azdır. 2023-cü ildə Moskva bu marşrutla təqribən 15 milyard kubmetr qaz tədarük edib ki, bu da 2018-19-cu illərdə müxtəlif marşrutlar vasitəsilə Avropaya tədarük edilən Rusiya qazının pik həcminin yalnız 8 faizi deməkdir.

Rusiya yarım əsr ərzində Avropanın qaz bazarında öz payını artırıb və bu pay zirvəsində 35 faiz təşkil edib Rusiyanın 2022-ci ildə Ukraynaya tam miqyaslı müdaxiləsindən sonra Moskva bazar payını itirib, onu Norveç, ABŞ və Qətər tutub.

Aİ-də qazın qiyməti 2022-ci ildə Rusiya tədarükünün dayandırılmasından sonra rekord səviyyəyə qalxıb. Aİ rəsmilərinin və treyderlərin fikrincə, Ukrayna üzərindən nəql dayandıqda təvazökar həcmlər və az sayda alıcı nəzərə alınarsa, qiymət artımları təkrarlanmayacaq.

Rusiyanın Sibir bölgəsindən qaz sovet dövründən çəkilən Urenqoy-Pomary-Ujqorod kəməri ilə Kursk vilayətinə, oradan hazırda Ukrayna hərbçilərinin nəzarətində olan Sudja şəhəri vasitəsilə Ukraynaya çatdırılır. Sonra Ukraynadan keçərək Slovakiyaya daxil olur, burada qaz kəməri Çexiya və Avstriyaya gedən qollara bölünür.

Noyabr ayında hüquqi mübahisələr səbəbindən Qazprom-dan Avstriyanın OMV şirkətinə qaz tədarükünün dayandırılmasına baxmayaraq, bu marşrutla ümumi Rusiya qazı ixracı sabit qalır. Avstriya qazının böyük hissəsini hələ də Ukrayna vasitəsilə alır və Macarıstanın qaz idxalının təxminən üçdə ikisi Rusiyanın payına düşür.

Slovakiya “Qazprom”dan təxminən 3 milyard kubmetr qaz alır, bu da onun ehtiyaclarının təxminən üçdə ikisini təmin edir. Eyni zamanda Çexiya ötən il şərqdən qaz idxalını demək olar ki, tamamilə dayandırsa da, 2024-cü ildə Rusiyadan qaz nəqlini bərpa edib.

Rusiya qazının Avropaya gedən əksər marşrutları, o cümlədən Belarusdan keçən Yamal-Avropa və Baltik dənizi boyunca “Şimal axını” bağlanıb. Avropaya yeganə əməliyyat marşrutu Qara dənizin dibi ilə Türkiyəyə gedən “Mavi axın” və “Türk axını”dır. Türkiyə Rusiya qazının bir hissəsini Avropaya, o cümlədən Macarıstana göndərir.

Reuters-in hesablamalarına görə, 2024-cü ildə Rusiya qazının Avropaya bütün marşrutlar üzrə ixracının ümumi həcmi 2023-cü ildəki 28,3 milyard kubmetrdən 32 milyard kubmetrə yüksəlib. Beləliklə, Rusiya hökumətinin proqnozlaşdırdığı qazın 1000 kubmetrinin orta qiymətinin 339 dollar olması əsasında Moskva bu il Ukrayna vasitəsilə satışdan təxminən 5 milyard dollar qazana bilər.

Göründüyü kimi, nəqlin dayanmasından Ukraynadan daha çox Rusiya zərər görəcək.

Rusiya tranzit müqaviləsini uzatmağa hazır olduğunu bildirsə də, Kiyev bunu etməyəcəyini dəfələrlə bəyan edib.
Digər variant isə qazın Türk axını, Bolqarıstan, Serbiya və ya Macarıstan kimi başqa marşrutla nəqlidir, lakin bu marşrutların imkanları məhduddur.

Musavat.com

Chosen
22
23
musavat.com

10Sources