EN

Onu candan usandırdılarmı?..

Əvvəli burada
 
Məhəmməd Füzuli Gündoğar (Şərq) poeziyasının bədii, fəlsəfi və mənəvi dərinliyini təcəssüm etdirən, ancaq eyni zamanda ondan qırağa çıxaraq, zamanüstü mövqe qazanan bəşəri bir sənətkardır. Onun yaradıcılığı yalnız öz dönəmində deyil, həm öncəsində, həm də sonrakı nəsillərin ədəbi-bədii dünyasında “qarşılaşmalar”, dialoqlar və “mübahisələr” doğurub. Bu yazıda Füzulidən öncə və sonra, onunla “qarşı-qarşıya” duran və ya onu yenidən kəşf etməyə çalışan ədəbi, bədii və ictimai düşüncə sahələrinin nümayəndələrini yığcam təhlilə cəlb etməyə çalışacağıq.
 
1.
 
Füzuli yaradıcılığının özünəxaslığı, Füzuli sənətkarlığının bəşəri, zamanüstü səciyyəsi danılmaz olsa da, Füzulinin özündən öncə yaşayıb-yaratmış Nizami Gəncəvi və İmadəddin Nəsimi irsinə bələd olduğunu da, eyni qətiyyətlə deyə bilirik. Əgər bir dahi özündən öncəki dahilərə bələdsə, bu, onunçün təsir kimi deyil, bəlkə, başqa cür ifadə etməyə çalışsaq, əsas kimi götürülə bilər. Elmdə hər dahinin öncəki dahiləri əsas alması kimi... Hətta, bir elmi-fəlsəfi yanaşma inkar olunsa və ondan daha universal elmi-fəlsəfi yanaşma ortaya qoyulsa da, öncəki dahilərin əsərləri öz əsaslığını, istinadgahlığını itirmir...
Nizami özünəxas təhkiyə və əxlaqi-fəlsəfi şeir üslubu ilə Füzuli üçün bir ədəbi məktəb olub. Bu təsirlər Füzulidə:
- Nizaminin eşq və məhəbbəti həm mənəvi, həm də ictimai məsuliyyət kontekstində təsvir etməsi, habelə, Gəncəli dahinin hekayə və mənzum fəlsəfi dialoqları yerinə, Füzulidə daxili “mən” ilə kainat arasında danışıq (monoloq) önplana çıxır.
 
Nəsimi isə Füzuli üçün daha çox poetik coşqu və mənəvi dərki “cəbr edən” bir irsin daşıyıcısı olub. Hürufilik fəlsəfəsinin yaratdığı “insan ilahi həqiqətin daşıyıcısıdır” düşüncəsi Füzuli poeziyasında belə şəkil alır:
 
“Eşqdir aləmdə hər nə var,
Elm bir qeylü-qal imiş ancaq”...
 
Füzuli burada həm Nəsiminin “insanın eşqlə bütövləşməsi” düşüncəsini davam etdirir, həm də onu daha təvazökar bir fəlsəfi çərçivəyə çəkir...
 
2.
 
Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı olan Molla Pənah Vaqif Füzuliyanə “Dərviş ruhu”ndan uzaqlaşaraq, təbiətə, dünyəvi eşqə və gerçək insan obrazlarına yönəlib. Füzulinin mistik və dərin fəlsəfi obrazlarından fərqli olaraq Vaqifdə:
- “Canlı eşq” təbiətin gözəlliyində aydınlıq tapır;
- Mistik iztirab yox, dünyəvi ləzzət və reallıq tərənnüm edilir.
 
Mirzə Fətəli Axundov isə Füzuli ilə açıq düşüncə döyüşünə qalxan ilk ədiblərdən olub. Axundovun materialist-maarifçi baxışları ilə Füzulinin romantik-mənəvi dünyası arasında bir “uçurum” yaranıb. Axundov üçün Füzuli “Köhnə dünya”nı təmsil edən bir sima idi; bu, Füzulinin yaradıcılığını “təftiş edən” ilk cəhdlərdən biri olaraq ədəbi-fəlsəfi önəm daşısa da, necə deyərlər, “Quran” ayəsi, daha doğrusu, ədəbi-fəlsəfi ehkam deyil...
 
3.
 
Axundov cəhdlərindən Üzeyir bəy Hacıbəyli və XX yüzil sənətkarlarının cəhdlərinə – Füzulini çağdaş etmək cəhdlərinə keçid edək:
Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operası ilə Füzulinin poetik dünyasını XX yüzilin çağdaş musiqi səhnəsinə gətirdi. Burada Füzuli poeziyası bir “klassik əfsanə”dən çıxıb, canlı və çağdaş sənət əsərinə çevrildi. Bu, yalnız bir musiqi əsəri deyildi – həm də klassik irsin çağdaş dövrə adaptasiyasının şah əsəri idi.
Cahangir Cahangirov və digər bəstəkarlar Füzuli yaradıcılığının emosional dərinliyini musiqi dilinə çevirərək, onun universal estetik gücünü bir daha sübut etdi.
 
4.
 
Ən yeni dönəmə keçid etsək, vurğulamalıyıq ki, ən yeni – müstəqil düşüncəli gənc nəslin Füzuliyə yalnız vurğunluğunu yox, bəzən tənqidi yanaşmalarını da görə bilərik. Yeni nəsil onun öz qəbir yerini imam məqbərəsinin kölgəsində görməsini sorğulayırmış kimi görünür; habelə, fatalizm və iztirab poeziyasını “dünyəvi həyatın inkarı” kimi qiymətləndirir...
Əlbəttə, bu “bağışlanmayan” məqamların özü də bir təzahürdür: Füzuli hələ də müzakirə edilir, təhlil olunur və bir canlı irs olaraq qalır...
 
5.
 
Bütün olumlu, olumsuz yanaşmalara baxmayaraq, Füzuli sənətkarlığı zamana meydan oxuyur. Onun poetik dünyası:
* Dilin vəhdət və sonsuzluq gücü;
* İnsan mənəviyyatının dərinlikləri;
* Eşq və iztirab fəlsəfəsinin bədii təcəssümü ilə hər dönəmdə “qala bürcü” kimi vüqarla ucalır.
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərində vurğulandığı kimi, Füzulinin dili və üslubu Azərbaycan ədəbi dilinin formalaşmasında ən önəmli mərhələlərdən biridir.
 
Füzuli yaradıcılığına hər dönəmin öz baxışı olub – sevgi, tənqid, yenidən kəşf və ya “uzaqlaşma”... Amma bu münasibətlərin özü Füzuli yaradıcılığının bəşəri və ədəbi dəyərinin bariz sübutudur. Füzulinin poeziyası insanın varlıq, eşq və mənəviyyat axtarışlarının əbədi ifadəsidir. Füzuli, yalnız dünənin yox, bu günün və sabahın da şairidir.
Bayat boyundan olan ulu şair özü necə deyirdi? –
 
“Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı”?..
 
Əkbər QOŞALI

Chosen
92
modern.az

1Sources