EN

Artıq dünya Qərbi Azərbaycan İcması faktorunun varlığından xəbardardır -RƏY

Qərbi Azərbaycan İcması bəyanat yayıb. İcma yaydığı bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevə ötən gün yerli TV-lərə müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edib. “Biz həmçinin Prezident İlham Əliyevin regional sülh və təhlükəsizlik ilə bağlı ifadə etdiyi baxışa tam dəstəyimizi ifadə edirik. Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ən böyük təhdiddir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi, “Ermənistan və Qarabağın yad millətlərdən tamamilə təmizlənməsi”ni tarixi nailiyyət kimi təqdim edən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezident Robert Koçaryanın beynəlxalq təşkilatın tribunasından “Azərbaycanlılar və ermənilər etnik cəhətdən uyğunsuzdurlar” kimi irqçi açıqlaması, üçüncü prezident Serj Sarqsyanın və onun partiyasının faşist Qaregin Njdenin “Tsexakronizm” irqçi ideologiyasından ruhlanması bu dövlətin mahiyyətini əks etdirir. Biz Prezident İlham Əliyevin Ermənistanın həyata keçirdiyi kütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tam bölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi, revanşist ideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlə davrana bilmir və onun silahlanması yolverilməzdir. Ermənistanın biz Qərbi azərbaycanlılara qarşı törətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxış etməsi siyasətinin heç bir perspektivi yoxdur. Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik”, - bəyanatda deyilir.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Prezident İlham Əliyev sözügedən müsahibədə Qərbi Azərbaycan və Qərbi azərbaycanlılarla bağlı məsələyə yetərincə aydın şəkildə toxundu:

“Prezident bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməlidir və Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Yəni bu Azərbaycan dövləti və rəhbərinin birmənalı mövqeyidir.  Ermənistan hər şeyi başa düşsə, bu məsələ ilə bağlı dərhal deyilən istiqamətdə addımlar atar. Qərbi Azərbaycan İcmasının bəyanatı gərəklidir və tamamilə yerinə düşür. Çünki söhbət həmin şəxslərin öz doğma yurdlarına qayıdış imkanlarından gedir. Düşünürəm ki, Qərbi Azərbaycan İcması bu istiqamətdə qlobal platformalarda fəallaşmalıdır. Dünya bizi ittiham edən ermənilərin əslində özlərinin soyqırımçı və etnik təmizləyici olduğu haqqında məlumatları tez-tez eşitməlidir. Həmin məlumatları da Qərbi Azərbaycan İcmasının nümayəndələrinin dünyaya trajlaması daha uyğundur. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması sözügedən məsələdə irəliləyişə nail olacaq. Artıq dünya Qərbi Azərbaycan İcması faktorunun varlığından xəbardardır. Bunların hamısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, vaxtilə Qərbi azərbaycanlıların təşkilatlanması üçün uyğun şərait yaratdı”.
Chosen
44
22
sherg.az

10Sources