EN

İsakovun yeni ifşası: Vazgen Sərkisyan Ter Petrosyanı it gününə qoydu - məxfi iclasın ŞOK VİDEOsu

Musavat.com Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışı ilə bağlı yeni və sensasiyalı açıqlamanı təqdim edir

Bundan əvvəl xatırladaq ki, erməni bloger Albert İsakov bir neçə gün əvvəl Levon Ter-Petrosyanın 1993-cü ildəki iclasında etdiyi çıxışı ümumi şəkildə yayımlamışdı. Bu çıxış həm Ermənistanda, həm də Azərbaycanda böyük reaksiyalar doğurmuşdu.
Ermənistanın özündə belə hər kəs Levon Ter-Petrosyanı yenidən tanımışdı: rasist, faşist və terror mahiyyətli biri kimi…

Bu dəfə isə bloger yeni və daha sensasiyalı material təqdim edib. Açıqlama iki hissədən ibarətdir: birincisi, Albert İsakovun izahatı və şərhləri, ikincisi isə Ermənistanın birinci müdafiə naziri Vazgen Sərkisyanın həmin iclasda etdiyi çıxış.

Musavat.com bir daha qeyd edir ki, iclas Vazgen Sərkisyanın qurduğu “Yerkrapa” hərbi hərəkatının komandirləri və fəalları qarşısında keçirilmişdir. Açıqlanan videomaterial indiyə qədər məxfi saxlanılmış və yalnız üzərindən 32 ilə yaxın zaman keçəndən sonra deşifrə olunmuşdur.

Albert İsakovun təqdimatı

Albert İsakov bildirir ki, 1993-cü ilin 23 iyulunda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfindən keçirilən bu iclasın lent yazısı yayılan kimi hər kəsi şoka saldı. Petrosyanın səsləndirdiyi irqçi, faşist mahiyyətli fikirlər heyrət doğurdu və geniş rezonansa malik oldu. Xüsusən Azərbaycanda bu çıxış İsakov tərəfindən yayılandan sonra yüksək maraq və reaksiyalar doğurdu. Bu çıxış erməni hərbi strategiyasının əsl mahiyyətini – işğalçı və dağıdıcı xarakterini tam çılpaqlığı ilə nümayiş etdirir.

Albert İsakovun sözlərinə görə, Ter-Petrosyanın bu çıxışında Ermənistanda yaşayan azərbaycanlıların məcburi deportasiyası və köçürülməsi, öldürülməsi, sürgün edilməsi etnik təmizləmə və genosid kimi ifşa olunur. Prezident Ter-Petrosyanın Azərbaycan ərazilərinin, o cümlədən də Ağdamın işğalı ilə bağlı etdiyi bəyanatları ermənilərin beynəlxalq hüquqa zidd hərəkətlərini açıq şəkildə etiraf etməsi heyrət doğurur.

İsakov sual edir: belə bir çıxışın bu günə qədər heç bir yerdə yayımlanmamasının səbəbi nədir? İsakovun təqdim etdiyi izahat və video material bu suallara aydınlıq gətirir.

Vazgen Sərkisyanın çıxışı və məxfiliyin səbəbi

Albert İsakovun təqdim etdiyi yeni video parçada toplantıda iştirak edən Ermənistanın birinci müdafiə naziri və “Yerkrapa” hərəkatının lideri Vazgen Sərkisyan prezidentin bəyanatlarını kəskin şəkildə tənqid edir. Sərkisyan deyir:

“Prezident bu gün burada elə şeylər dedi ki, mən olsam heç vaxt danışmazdım. Biz indi elə bir mərhələdəyik ki, siyasətimiz və hərbi fəaliyyətimiz üçün belə açıqlamalar fəlakətli nəticələrə səbəb ola bilər. Xüsusilə Ağdamın işğalını etiraf etmək yolverilməzdir. Beynəlxalq mətbuatda bu barədə yazılsa, Ermənistanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurular. Mən keçmiş jurnalist kimi deyirəm: bizim qardaşımız (Ter-Petrosyanı nəzərdə tutur) sensasiya sevir.”

Sərkisyan əlavə edib:

“Bu zalda səsləndirilənlər kənara çıxmamalıdır. Xüsusən də prezidentin bəyanatları heç bir halda ictimaiyyətə açıqlanmamalıdır.”

Vazgen Sərkisyan haqqında

Vazgen Sərkisyan bir hərbi cani, Xocalı soyqırımının ən müəlliflərindən biri, torpaqlarımızın işğalında ən çox rolu olan düşmənimizdir. O, 1992-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin edilmiş və Ermənistan ordusunun yaradılmasında əsas fiqurlardan biri olmuşdur. Sərkisyan “Yerkrapa” adlı hərbi hərəkatı qurmuş və erməni könüllüləri ilə Qarabağın işğalında, əhalimizin qətlə yetirilməsində və öz torpaqlarından qovulmasında yaxından iştirak etmişdir.

1999-cu ilin may ayında Ermənistanın baş naziri təyin edilən Sərkisyan, eyni ilin 27 oktyabrında Ermənistan parlamentində törədilən terror aktında güllələnərək öldürülmüşdür. Bu hadisə zamanı Sərkisyanla birlikdə Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan və bir neçə yüksək vəzifəli şəxs də qətlə yetirilmişdir. Onun ölümü Ermənistan siyasi həyatında böyük sarsıntı yaratmış və uzun illər müzakirə mövzusu olmuşdur.

Materialın məxfi saxlanılmasının səbəbi

Albert İsakovun təqdim etdiyi məlumata görə, bu çıxışın məxfi saxlanılmasının əsas səbəbi Vazgen Sərkisyanın birbaşa göstərişi olub. O, Ter-Petrosyanın açıqlamalarının Ermənistanın beynəlxalq siyasətində ciddi problemlər yarada biləcəyini nəzərə alaraq, materialın ictimaiyyətə çatdırılmaması üçün tədbirlər görmüşdür.

Videomaterialın əhəmiyyəti

Bu videomaterialın açıqlanması Azərbaycan üçün böyük bir siyasi və hüquqi üstünlük təmin edə bilər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın və müdafiə naziri Vazgen Sərkisyanın bəyanatları Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin əsl mahiyyətini və beynəlxalq hüququn kobud şəkildə pozulmasını nümayiş etdirir.

Musavat.com qeyd edir ki, bu videomaterial gələcəkdə Azərbaycan tərəfindən beynəlxalq məhkəmələrdə Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün güclü bir dəlil kimi istifadə edilə bilər. Bu faktlar həm tarixi, həm də hüquqi baxımdan böyük əhəmiyyət daşıyır və Azərbaycanın diplomatik səylərində mühüm yer tuta bilər.

Musavat.com

 

 

Chosen
9
musavat.com

1Sources