EN

Şahdağda Dünya Kubokunun açılışı mərasimi baş tutdu 

Şahdağ Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Cordi Kanals Azərbaycanın yarışın təşkili üçün gördüyü hazırlıqları və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid, ölkəmizin 2022-ci ilin oktyabrından Beynəlxalq Xizək Alpinizmi Federasiyasının üzvü olduğunu vurğulayıb. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan dağ xizəyi üzrə Məşqçilik fakültəsinin gələcəkdə bu idman növünün inkişafına böyük töhfə verəcəyini bildirib.

Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Dünya Kubokunun Azərbaycanda keçirilməsini ölkənin idman tarixi üçün mühüm hadisə adlandırıb. O, yarışın idmançıları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərini təbliğ etdiyini qeyd edib.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab olunur. Yarış, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə yanvarın 10-dan 13-dək keçiriləcək.

Turnirdə 26 ölkədən, o cümlədən Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 130-a yaxın idmançı iştirak edir. Yarışlar sprint, vertikal və individual növlərdə keçiriləcək. Azərbaycanı bu turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.

Chosen
4
10
bakivaxti.az

10Sources