EN

Ermənistan XİN rəhbəri tarixi saxtalaşdırır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də mətbuat konfransında Qərbi Azərbaycan İcması və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

Bunu Azərbaycanın XİN-in mətbuat katibi Ayxan Hacızadə Ararat Mirzoyanın səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

Ayxan Hacızadə qeyd edib ki, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2 mindən çox toponimin adları dəyişdirilib. Yalnız 1948–1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987–1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Azərbaycan XİN rəsmisinin sözlərinə görə, sonuncu deportasiya zamanı guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987–1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda Ermənistanın Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

“Ermənistan indiki ərazisində öz doğma torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycan İcmasının nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər”, – deyə Ayxan Hacızadə vurğulayıb.  

XQ

 

Chosen
4
41
xalqqazeti.az

10Sources