EN

Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb - YENİLƏNİB-2 - FOTO

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb.

APA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Xoşbəxt Yusifzadənin Xəzər dənizində, keçmiş Sovet İttifaqında neft-qaz sektoru ilə bağlı layihələrin altında imzasının olduğunu deyib.

"Xoşbəxt müəllimdə istənilən sualın cavabı olurdu. O, Ulu Öndər Heydər Əliyevin prezidentliyi zamanında neft emalında birinci milyardın, Prezident İlham Əliyevin hakimiyyəti zamanında isə ikinci milyardın şahidi olub", - o əlavə edib.

Akademik Alif Əlizadə Xoşbəxt Yusifzadənin vəfatını Azərbaycan elmi üçün olduqca böyük itki hesab etdiyini qeyd edib: "Xoşbəxt müəllim Xəzər neftinin vurğunu idi. Onun üçün Xəzər neftinin ayrıca biz özəlliyi, dəyəri var idi. Bunun nəticəsidir ki, o, Azərbaycan neftinin dünyaya layiqli formada təqdim edilməsinə nail oldu. Bu gün cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasəti ilə həmin neft Avropanın ən ucqar nöqtələrinə belə gedib çıxıb".

Çıxışlar bitdikdən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

***

12:47

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.

APA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi və yaxınları ilə yanaşı, bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edir.

AMEA prezidenti akademik İsa Həbibbəyli Xoşbəxt Yusifzadənin Azərbaycan neft sektoruna və ümumilikdə Azərbaycan elminə xidmətlərindən söz açıb.

"O, Azərbaycan üçün əvəzsiz xidmətlər göstərmiş dəyərli alim idi. Bu xidmətləri həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib", - akademik əlavə edib.

Təhsil naziri Emin Əmrullayev də, öz növbəsində, Xoşbəxt Yusifzadənin Azərbaycan elminə verdiyi töhfələrindən bəhs edib: "Xoşbəxt müəllimin Azərbaycan neft sənayesinə, geologiya elminə verdiyi töhfələr həm indi, həm də gələcək dövr üçün Azərbaycan xalqına vətəndaşlarına xidmət göstərəcək. Bu mənada, Xoşbəxt müəllim Azərbaycan elmi üçün yüksək dəyərə malik şəxsiyyət idi. Allah rəhmət eləsin".

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə Xoşbəxt Yusifzadə ilə dostluq münasibətlərindən danışıb: "Demək olar ki, hər gün rastlaşırdıq. O işdən evə piyada getməyi sevirdi. Dənizkənarı Bulvarda görüşür, söhbərləşirdik".

Xatırladaq ki, Xoşbəxt Yusifzadə dünən gecə vəfat edib.

O, Fəxri xiyabanda dəfn olunacaq.

Nihat Pir

***

11:33

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başlayır.

APA xəbər verir ki, mərasim Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

Mərasimə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

***

09:54

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi bu gün saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında olacaq.

Bu barədə "APA-Economics" SOCAR-a istinadən xəbər verir.

Qeyd edək ki, Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib.

Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub.

Allah rəhmət eləsin!

Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt Xoşbəxt
Chosen
249
24
apa.az

10Sources