EN

Həkim qızılca ilə bağlı valideynlərə çağırış edib:

"Qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür".


Senzor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva deyib.


O qeyd edib ki, valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıb: "Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir. Tövsiyə olunur ki, valideynlər uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.


Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin 2-ci dozasını almalıdırlar.


Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin 1-ci və 2-ci dozaları ən azı 4 həftəlik fasilə ilə aparılmalıdır".


Həkim bildirib ki, peyvəndlənmə bu xəstəliklərdən qorunmağın ən təsirli üsuludur: "Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən peyvəndlər təhlükəsizdir və keyfiyyətcə standartlara uyğundur. Peyvənd yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını alır, yoluxma halında isə daha yüngül, qısamüddətli təsir verir. Peyvənd olunmaq hər bir uşağın hüququdur. Uşaqlarınıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən peyvənd təqviminə uyğun olaraq peyvəndlərin vurulmasını tövsiyə edirəm".


G.Əliyeva vurğulayıb ki, profilaktik tədbirlərə əməl edərək kəskin respirator virus infeksiyalarından qorunmaq mümkündür: "Bu xəstəliklər, ilk növbədə, hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdı. İkinci yoluxma yolu isə kontakt yoludur. Bunun üçün əllərinizi tez-tez yuyun. İnsanların çox olduğu qapalı yerlərə mümkün qədər az gedilməli, evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin, immun sisteminizi yaxşı vəziyyətdə saxlamaq üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayət etməli, stresdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdı. Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Bu qaydalara riayət edərək virus xəstəliklərini yüngül keçirə və heç yoluxmaya bilərik.


Bununla belə, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri də peyvəndlərdir. Peyvəndlər erkən yaşda aparılmalıdır, çünki bu yaşda uşaqlar təhlükəli xəstəliklərə daha çox məruz qalırlar".

Chosen
65
13
senzor.az

9Sources