Azərbaycan xalqı üçün son illər bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. Tarixə nəzər salsaq, 2016-cı ilin Aprel döyüşləri, iki il sonra Naxçıvanın Günnüt əməliyyatı, daha sonra Tovuz döyüşləri, nəhayət, 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın öz məğlubiyyətini rəsmən təsdqiləməsi - kapitulyasiya aktının imzalanması. Sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Heç şübhəsiz ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Lakin bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Xalqımız bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq.Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələ öz əksini tapıb. Ölkə başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. Azərbaycan ərazisindən işğalçı qüvvələrin çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Siyasi kursun son 20 ildə həyata keçirilən prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 44 günlük Vətən müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Lakin xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb. Çünki, Xankəndidə yuva salmış separatçı qüvvələr tam məhv edilməmişdi. Həmin qüvvələr yeni hərbi təxribatlar hazırlayır və onları həyata keçirirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmamışdı. Əksinə, yeni silah-sursat, hərbi texnika, minalar Qarabağa gətirilir və Azərbaycana qarşı mina terroru davam etdirilirdi.Qeyd edək ki, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilməsinə baxmayaraq, separatçı qüvvələr təxribatlardan əl çəkmirdilər. Nəhayət, Azərbaycanda separatizmin kökü kəsildi. 2023-cü il sentyabrın 19-da başlamış və cəmi 24 saat, ondan da az davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Ölkə başçısı müraciətində də qeyd etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Rəşadətli Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərərək Birinci və İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı.Prezident cənab İlham Əliyev müraciətində xüsusi vurğulayaraq dedi ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən, keçmiş məcburi köçkün soydaşlarımız qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. Prezident bildirdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqlar. Ötən 2023-cü İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcək. O cümlədən, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.44 günlük İkinci Qarabağ müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. İkinci Qarabağ müharibəsi xalqımızın birliyini, hər zaman Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini