EN

Anklav kəndlərin taleyi bu tarixdə HƏLL OLUNACAQ – Deputatdan MÜHÜM AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə də danışıb. O, işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.

“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır.

Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - deyə Prezident vurğulayıb.

Prezident tərəfindən verilən bu mühüm mesaj anklav kəndlərin aqibətinin bu ay ərzində həll olunacağını deməyə əsas verir.

“Delimitasiya sülhə əngəl deyil”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Prezident sərhədlərin delimitasiyası ilə bağlı növbəti müzakirələrin bu ay ərzində baş tutacağını vurğulayıb:

“Bu zaman əsasən də Tovuz-Qazax istiqamətində sərhədlərin delimitasiyası məsələsi ətrafında müzakirələr aparılacaq. Ermənistanın işğalı altında olan 8 kəndlə bağlı isə Prezident vurğuladı ki, onlar aktiv müzakirə predmetidir və bu kəndlər də azad olunmalıdır. Azərbaycanın mövqeyi hər zaman belə olub. Ölkə Prezidenti jurnalistlərə açıqlamasında bir daha bu məsələyə toxundu və qeyd etdi ki, sülh üçün bütün imkanlar mövcuddur.

Sərhədlərin delimitasiya və demarkasiyası isə sülh sazişinin imzalanmasını əngəlləmir.

Prezident bir daha Azərbaycanın mövqeyini əsaslandırdı ki, sülh prosesi irəli aparıla bilər. Delimitasiya və demarkasiya məsələsi isə bundan sonra da davam etdirilə bilər.

Gürcüstanla sərhədlərimizin delimitasiyasının 70 faizi başa çatdırılıb. Rusiya ilə isə delimitasiya son dövrlər başa çatdırılsa da, demarkasiya tam olaraq həata keçirilməyib. Ermənistanla sərhədlərin delimitasiyası da uzunmüddətli proses olmaqla 20-30 il çəkə bilər. Bu isə o demək deyil ki, həmin müddət ərzində sülh müqaviləsi imzalanmamalıdır.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın işğalında olan 8 kəndimiz də azad edilməlidir. Təbii ki, sonradan delimitasiya və demarkasiya aparılan zaman onlarla bağlı da müzakirələr aparıla bilər. Həmin kəndlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxildir. O baxımdan da həmin kəndlərimiz də azad olunmalıdır”.

Rüfət Sultan, Bizim.Media

Chosen
254
9
bizim.media

10Sources