EN

Ədalət Partiyası BƏYANAT YAYDI

 

"7 fevral - Prezident seçkiləri Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. İlk növbətə 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi. Bununla yanaşı 7 fevral seçkilərini ilk dəfə Azərbaycan qalib dövlət kimi keçirirdi. Seçki təyin olunandan qısa zaman sonra ölkəmizdəki bir çox partiyalar milli və dövlətçilik mənafeyini əsas götürürək Vətən müharibəsinin qalibi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini açıq şəkildə bəyan etdilər. Bu Azərbaycan siyasi tarixinin yeni səhifəsi, ayrı-ayrı siyasi güclərin milli məsələ, vətən və dövlət uğrunda birliyinin göstəricisi oldu."

 

Bu barədə Moderator.az partiyanın yaydığı bəyanata istinadən məlumat verir.

 

"Ədalət Partiyası seçki öncəsi prosesi diqqətlə müşahidə etdi. Bu proses Azərbaycanda bütün hüquq və azadlıqların təmin olunması ilə uğurla həyata keçirildi. Namizədlər üçün televiziya, radio və qəzetlərdə yaradılan bərabər təbliğat imkanları, onların fikirlərini azad şəkildə ifadə etməsi üçün təmin olunan şərait və ölkənin bütün ərazisində görüşlər keçirməsinin maneəsiz təminatı xüsusi diqqət çəkdi. Hər bir namizəd ictimaiyyətə açıq platforması ilə öz seçki təbliğatını ayrı-ayrı şəhər, rayon, qəsəbə, hətta kəndlərdə belə rahat şəkildə reallaşdıra bildi.

 

Səsvermə günü müşahidələr aparan Ədalət Partiyasının üzvləri birmənalı şəkildə seçkilərin şəffaf və demokratik şəraitdə, heç bir qarşıdurma və problem olmadan baş tutduğu qənaətlərini partiyanın mərkəzi qərargahına bildirdilər. Bunun əsasında Ədalət Partiyası hesab edir ki, Prezident seçkiləri bütün qanunvericilik tələblərinə uyğun, ədalətli şəkildə keçirilmişdir. Vətəndaşların yüksək fəallığı ilə keçən seçkilərdə hansısa qanun pozuntusu müşahidə edilməmişdir. Seçkilərin nəticələrinə və ekzitpolların nəticələrinə görə Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev seçicilərin əksəriyyətinin səsini qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilmişdir. Biz bu nəticəni ədalətli hesab edir və cənab İlham Əliyevi bu möhtəşəm qələbə münasibətilə səmimi qəlbdən təbrik edirik. 

 

Əminik ki, Azərbaycan xalqı öz möhtəşəm birliyi ilə dövlətimizin daha da güclənməsinə səs vermişdir." - deyə bəyanatda bildirilib.

Chosen
314
4
moderator.az

10Sources