EN

Bilmək, yoxsa bacarmaq?

Fizika üzrə Nobel mükafatı laureatı (1978), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı Pyotr Kapitsanın oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, “В мире науки” (“Elm dünyasında”) jurnalının baş redaktoru, maarifçi, 1973-cü ildən SSRİ-də ən populyar elmi-kütləvi “Очевидное – невероятное” (“Həqiqətlər və ağıla gəlməyənlər”) televiziya verilişinin uzun illər boyu aparıcısı olmuş Sergey Kapitsanın (1928-2012) şahidi olduğu maraqlı bir olay belə baş verib:
“Bu hadisə 1960-cı illərdə olmuşdu. Rusiya Təbiət Elmlə­ri Akademiyasının qapalı Elmi Tədqiqat İnstitutunda (ETİ) nüvə fizikası sahəsində çalışan bir qrup alimi Qara dəniz sa­hillərindəki məşhur kurortların birinə istirahətə gedir. Qrupda­kıların hamısı fizika üzrə elmlər doktorları idilər. Aralarında hətta bir nəfər olsun belə elmlər na­mizədi yox idi. 
Elmlər doktorları, professor­lar yolüstü bir neçə şüşə şə­rab alıb dəniz sahilinə gəlirlər. Süfrədə məlum olur ki, şərab şüşələri pərçimlənmiş plastik qapaqla bərk bağlanıb. Qa­paqları yalnız bıçaqla kəsmək mümkün olardı. Bıçağı isə öz­ləri ilə götürməyiblər, qapaqları açmağa başqa heç nə yoxdur! Xeyli düşünürlər, lakin bir çarə tapa bilmirlər. 
Bu vaxt görürlər ki, yaxınlıq­dan səfil-sərgədan keçir. Onu səsləyirlər:
– Ay yoldaş, şərab şüşələrini açmaq üçün sizdə bir şey olmaz ki? Bunları aça bilərsinizmi?
–Açarıq, əlbəttə, açarıq! – deyə kişi onlara yaxınlaşır. 
Həmin şəxs şüşələrdən biri­ni əlinə alıb soruşur: 
– Kibritiniz var? 
Kibrit qutusunu ona verir­lər. O, bir kibrit yandırır, qapağı qızdırır, yumşalmış qapağı əllə dartıb çıxarır və heyrətlə ona baxan alimlərə deyir:
– Məktəbdə fizikanı oxumaq lazım idi, ay bisavadlar.
Professor Sergey Kapitsa bu hekayətdən belə bir nəticə çıxa­rır: 
–Tələbələri kor-koranə əz­bərçiliyə öyrətmək lazım deyil, əksinə, onların düşünmək qa­biliyyətini gücləndirmək çox va­cibdir. 
Akademikin fikrincə, tələbə hətta imtahana kitabla gələ də bilər, təki, o, həmin kitabda nə yazıldığının fərqinə varsın və çox şeyi müstəqil surətdə dərk etsin. Yəni, gərək bildiyini baca­rasan da.
Təqdim etdi: M.HACIXANLI XQ

Chosen
114
xalqqazeti.az

1Sources