EN

15 oktyabrdan başlayan peşəkar SİYASƏT

2003-cü ilin 15 oktyabr tarixində Prezident İlham Əliyev ilk dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin dövrdən etibarən Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə uğurla davam etdirildi.

Ulu öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu işini Prezident İlham Əliyev uğurla davam etdirərək, 2020-ci ildə bölgədə yeni reallıq yaratdı, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi, Azərbaycan xalqını məğlub xalqdan qalıb xalqa çevirdi, adını dünya tarixinə Qarabağın Fatehi kimi yazdırdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla  ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-20-də suverenliyimizi təmin etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektinə müsahibələr vermişdir. Prezident İlham Əliyev həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi.

Bu gün Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, həssas və mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq həm region, həm də dünya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bu gün Prezident İlham Əliyev dünyanın ən arzuolunan və rəğbət bəslənilən liderlərindən biridir.

Müasir dövrdə Prezident İlham Əliyev bütün platformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində hazırda Azərbaycan Şərqlə Qərb arasında körpüyə, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən dövlətə çevrilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın hər yerində olduğu kimi, Qarabağda və Şərqi-Zəngəzurda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bu addımlar tezliklə Qarabağı və Şərqi-Zəngəzuru dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək.

Sonda tam əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Onun praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.
 

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Chosen
346
1
modern.az

2Sources