EN

21 Mart Beynəlxalq Meşələr Günüdür

Martın 21-də dünyada Beynəlxalq Meşələr Günü və ya 1971-ci ildə əsası qoyulan və o vaxtdan bəri hər il qeyd olunan Ümumdünya Meşə Günü qeyd olunur. Bu günün təsis edilməsi təşəbbüsü 1971-ci ildə 23-cü Baş Assambleyada Avropa Kənd Təsərrüfatı Konfederasiyası tərəfindən qoyulmuş, ideya Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənmişdir.
Meşələrin və onun sərvətlərinin qorunması problemi bu gün bütün dünya ölkələri üçün ən mühüm ekoloji vəzifələrdən biridir. Son illərdə Yer kürəsinin meşələrinin qırılması ilə bağlı tendensiyalar təkcə ekoloqların deyil, bütün beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Hazırda planetin ümumi meşə sahəsi təxminən 38 milyon kvadratmetrdir. km (bu torpaq sahəsinin təxminən üçdə bir hissəsidir), bunun 13%-i mühafizə olunan təbiət əraziləridir.
Hər gün dünya meşələrinin sahəsi durmadan azalır-hər saniyə Yer kürəsi 1,5 hektardan çox meşə itirir. Bu, ilk növbədə əhalinin artımı və müxtəlif insan ehtiyacları üçün meşə sahələrinin transformasiyası ilə bağlıdır. Bəzi ekspert hesablamalarına görə, son 10 min il ərzində insanlar 26 milyon kvadrat kilometr meşələri məhv ediblər. Bununla yanaşı, meşələr yanğınlar, qanunsuz ağac kəsmələri, təbii fəlakətlər, zərərverici həşəratlara məruz qalma, xəstəliklər və digər səbəblərdən məhv olur. 
Bu baxımdan Beynəlxalq Meşələr Gününün əsas vəzifəsi planet sakinlərinin diqqətini meşələrin mühafizəsi probleminə cəlb etmək, meşə ekosistemlərinin əhəmiyyəti, onların həqiqi vəziyyəti, onların mühafizəsi və bərpası üzrə əsas tədbirlər haqqında məlumat verməkdir.
AZƏRTAC-ın məlumatına görə, respublikamızın meşə fоndu 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Çox təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.
Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.
Ölkəmizdə ətraf mühitin mühafizəsi naminə həyata keçirilən tədbirlərin ən fəal iştirakçısı olan IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti xüsusi qeyd edilməlidir. IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Yaşıl marafon” kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində təşkil olunan kütləvi ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə böyük töhfə verir.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır
Ötən il ölkə ərazisində 2500 hektar ərazidə 3 milyon 200 mindən çox ağac və kol tingi əkilib. Bundan əlavə, meşə fondu torpaqlarında bərpa məqsədilə 32 tona yaxın meşə cinslərinə aid ağac və kolların toxumları səpilib.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə isə 5 milyon ağacın əkilməsi planlaşdırılır.
Ağacların 3 milyonunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulur. İki milyon ağacın əkilməsini isə müxtəlif dövlət qurumları, icra hakimiyyətləri həyata keçirəcək.
S.ELAY
XQ

Chosen
170
xalqqazeti.az

1Sources