EN

Qarabağ və Şərqi Zəngəzura yeni həyat gəlir

Azərbaycan dünyada bənzəri olmayan Qayıdış proqramını uğurla gerçəkləşdirir
2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdən keçən 3 il yarım ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir. Böyük Qayıdışla bağlı I Dövlət Proqramının icrası, işğaldan azad edilmiş ərazilərə köçürülmənin təşkili və ilkin nəticələri ilə bağlı söhbətdə müsahibimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovla həmsöhbət olduq:
– Fuad müəllim, Böyük Qayıdışla əlaqədar Qaçqınların və Məcburi Köç­künlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ikiqat gərginləşib, qayğılar da qat-qat artıb. Zəruri həyat təminat­ları yaradılmış ünvanlara köçürülmənin ahəngdar təşkili həssas və obyektiv yanaşmalar tələb edir. Necə deyərlər, təyyarə havada təmir edilir...
– Azərbaycan dövlətinin prioritet is­tiqamət kimi yanaşması nəticəsində uzun illər öz doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Bö­yük Qayıdışını şərtləndirən bu işlər əzəli torpaqlarımızın yenidən dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşması və da­vamlı iqtisadi aktivliyinin təmin olunma­sına xidmət edir, eyni zamanda, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. 
Əsas hədəf isə məcburi köçkünlük həyatı ilə vidalaşanlar üçün ən müasir standartlara uyğun yaşayış şəraitinin ya­radılması, onların qısa vaxtda təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dediyi kimi: “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tarixi zəfə­rimizdən sonrakı fəaliyyət istiqamətlərində keçmiş məcburi köçkünlərin qeydiyyatının və miqrasiyasının tənzimlənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müda­fiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi ilə yanaşı, həm də onların öz doğma yurdlarına qayıdışının səmərəli təşkili, bərpa edilən və yenidən salınan şəhər və kəndlərimizə köçürülməsi, icma əsaslı reinteqrasiyaya cəlb olunması is­tiqamətində məqsədyönlü tədbirlərin hə­yata keçirilməsi aparıcı yer tutur.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfərin məntiqi nəticəsi olaraq 2022-ci ildən eti­barən keçmiş məcburi köçkünlərin işğal­dan azad edilmiş ərazilərə, öz ata-baba torpaqlarına Böyük Qayıdışı başlanıb. 2023-cü ilin 19-20 sentyabrında 24 saat­dan da az müddətdə davam etmiş lokal antiterror tədbirləri isə Qarabağın hər bir guşəsində dövlətimizin suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının ge­nişləndirilməsinə şərait yaranıb.
Qeyd edək ki, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində məqsədyön­lü, əhatəli və effektiv dövlət siyasəti ulu öndər Heydər Əliyevin müəyyənləşdirdi­yi prinsiplər əsasında qurulub və son 20 ildən artıq müddətdə bu xətti Prezident İlham Əliyev daha da təkmilləşdirilmiş şə­kildə uğurla davam etdirir. Həmin kateqo­riyadan olan vətəndaşlara diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın da ictimai-siyasi və dövlətçilik fəaliyyətində mühüm istiqamət­lərdəndir.
Məlumat üçün bildirim ki, genişmiq­yaslı bir proses olan Böyük Qayıdış iş­ğaldan azad edilmiş ərazilərin ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, möhtərəm Prezidentimizin 2 fevral 2021-ci il tarixli sərəncamına əsasən, ölkəmiz qarşısında duran 2030-cu ilədək sosial-iq­tisadi inkişafa dair 5 milli prioritetdən biri kimi qəbul edilib. Bu milli prioritetin təmin edilməsi məqsədilə və 2022–2026-cı illər­də ölkənin sosial-iqtisadi inkişaf strategi­yasının davamı olaraq Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərən­camı ilə təsdiq olunmuş Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uy­ğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. Beşillik müddəti əhatə edən həmin dövlət proqramı çərçivəsində 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaş­dırılması nəzərdə tutulub.
Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması prioritet istiqaməti üzrə Dövlət Komitəsinin də qar­şısında bir sıra mühüm vəzifələr qoyulub. Belə ki, tədbirlər planına uyğun olaraq ko­mitə 5 fəaliyyət növü üzrə əsas, 12 fəaliy­yət növü üzrə isə əlavə icraçı qurum kimi müəyyənləşdirilib. Komitənin vəzifələri sı­rasına keçmiş məcburi köçkünlər arasında aparılan sosioloji sorğular əsasında əhali­nin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, onların yeni salınmış yaşa­yış məntəqələrinə geri qayıdışı üçün mə­lumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mər­hələli formada inşa edilmiş evlərə ailələ­rin köçürülməsi, həmçinin əhalinin yeni yaşayış şəraitinə adaptasiyası məqsədilə reinteqrasiya tədbirlərinin təşkilinin icrası daxildir. 
Bundan başqa, geri qayıdan əhaliyə dəstək üçün xüsusi qaynar xəttin yaradıl­ması və onların adaptasiyası ilə bağlı təd­birlərin daha səmərəli həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları əmək­daşlarının peşəkar təlimlərə cəlb olunması da Qaçqınların və Məcburi Köçkünlərin İş­ləri üzrə Dövlət Komitəsinə tapşırılıb.
Hazırda Böyük Qayıdış prosesi Dövlət Komitəsi qarşısında gündəlik fəaliyyətin mühüm istiqamətlərindən biridir. 
Əlbəttə ki, bu fəaliyyətin icraçısı və iş­tirakçısı olduğumuza görə qürur duyuruq. Bizə belə gözəl hissləri bəxş etdiyi üçün Müzəffər Ali Baş Komandanımıza, müqəd­dəs ruhları qarşısında baş əydiyimiz şə­hidlərimizə, öz canlarını Vətən yolunda sipər etmiş əziz qazilərimizə və rəşadətli ordumuza borcluyuq.
– Böyük Qayıdış bu vaxtadək ana­loqu olmayan bir miqrasiya prosesidir. Qaçqınların və Məcburi Köçkünlərin İş­ləri üzrə Dövlət Komitəsi bu gərgin işin öhdəsindən necə gəlir?
– Bəli, 1 milyon insanın tamamilə dağı­dılmış, bütün infrastrukturu məhv edilmiş ərazilərə qayıdışının təşkili ölkə həyatının bütün strukturlarını əhatə edən çoxis­tiqamətli bir prosesdir. Minatəmizləmə, tikinti-quruculuq və xidmət şirkətlərinin əlaqələndirilmiş, paralel davam edən ge­cəli-gündüzlü çalışmasının yekunu olaraq biz məcburi köçkünləri yığcam qruplarla doğma yurdlarında məskunlaşdırırıq. Bu fəaliyyətə Vətən müharibəsinin ilk günlə­rindən, ilk ərazilər azad edilən günlərdən başlamışıq. O vaxtdan gücləndirilmiş iş rejiminə keçmişik. I Dövlət Proqramı təs­diqlənməmişdən əvvəl Böyük Qayıdışla bağlı ciddi hazırlıq işlərinə başlanıb, mü­vafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri tədbirlər görülüb. 
Dövlət Komitəsində işğaldan azad edil­miş ərazilərə Böyük Qayıdış məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könül­lü) addım” layihəsi çərçivəsində “Qayıdış və reinteqrasiya” elektron idarəetmə siste­mi yaradılmışdır. Komitə qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat baza­sından və “elektron hökumət”ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislər­dən istifadə etməklə yeni qurulmuş “Qayı­dış və reinteqrasiya” elektron idarəetmə sistemi ilə aparır. Bu platformanın yaradıl­ması ərəfəsində, qayıdışa hazırlıq məqsə­dilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar, о cümlə­dən müvəqqəti qeydiyyatı və yaşayış yeri, ailə tərkibi, məşğulluğu, təhsili, peşəsi və digər məlumatlar da daxil edilməklə məc­buri köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir. 
– Qayıdışla bağlı keçmiş məcburi köçkünlər arasında keçirilən sorğula­rın nəticələri nədən ibarətdir və necə nəzərə alınır?
– Əvvəla, qeyd edim ki, komitə keçmiş məcburi köçkünlər arasında sorğuları və təhlilləri müxtəlif qurumlarla, o cümlədən ölkəmizin ən aparıcı təhsil ocaqlarından biri olan ADA Universitetinin “çətiri altın­da” Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun müxtəlif aparıcı mütəxəssis­lərinin iştirakı ilə aparır. Sorğulara qatılan keçmiş məcburi köçkünlərin mütləq əksə­riyyəti nəinki öz doğma torpaqlarına qayıt­maq, həmçinin işğaldan azad edilmiş əra­zilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bütün belə sorğuların nəticələri Dövlət Komitəsinin vahid məlumat baza­sında yerləşdirilir. 
Bizə digər bölgələrdən olan vətəndaş­lardan da çoxsaylı müraciətlər daxil olur. Ancaq, məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prose­si mərhələli şəkildə aparılır. İlk növbədə, məcburi köçkün statusu olan şəxslər öz ata-baba yurdlarında dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilir. Bu zaman bölgü mövcud qanunvericiliyə uyğun, eyni zamanda, şəffaflıq, obyektivlik və ədalət prinsipləri rəhbər tutularaq püşkatma yolu ilə aparılır. Püşkatma isə Dövlət Komitə­sinin və komitə yanında İctimai Şuranın, Prezidentin Xüsusi Nümayəndəliyinin, yerli icra hakimiyyətlərinin nümayəndələri­nin, həmçinin kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə keçirilir. Hazırda icra olunan Dövlət Proqramında keçmiş məcburi köçkünlərin dövlət vəsaiti hesa­bına evlərlə, mənzillərlə təmin edilməsi nəzərdə tutulub.
Digər rayonlardan olan sakinlərin iş­ğaldan azad edilmiş ərazilərdə yaşamaq istəklərinə gəlincə, necə ki, məsələn, Lənkəran, Şəki sakini olan vətəndaş Azər­baycanın digər şəhər və rayonunda ev alıb yaşaya bilirsə, eləcə də kommersiya şərtləri ilə Qarabağ və Şərqi Zəngəzurda da ev və ya mənzil sahibi ola biləcək. An­caq bu məsələyə Böyük Qayıdışın növbəti mərhələlərində baxılacaq.
– Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaş­dırılması prosesi hansı prinsiplər əsa­sında aparılır? Yəni, ilk növbədə hansı ailələrin köçürülməsinə üstünlük veri­lir?
– Böyük Qayıdışa dair I Dövlət Proq­ramı tədbirlər planında əks olunan fəaliy­yətlər üzrə icra edilir və təbii ki, eyni vaxt­da bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən pro­sesdir.
Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmi­zin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəl­bəcərə və Zəngilana da köçürülmə prose­sinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.
Keçmiş məcburi köçkünlərin öz doğ­ma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldik­də isə, ölkə rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaş­yış məntəqəsi üzrə ağır şəraitdə yaşayan – yataqxanalarda, sanatoriyalarda, pan­sionatlarda, qəzalı vəziyyətdə olan bina­larda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır. Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin ye­rin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma proto­kolu imzalanır. Burada əsas məqsəd plan­laşdırmanı daha səmərəli təşkil etməkdir.
– Köçürülmə prosesi ilə bağlı hansı çətinliklərlə üzləşirsiniz?
– Həm miqyasını, həm də həmin əra­zilərin işğal dövründə məruz qaldığı da­ğıntıların ağır nəticələrini də nəzərə alsaq, bu gün Azərbaycanda reallaşdırılan Böyük Qayıdış bütün dünyada analoqu olmayan bir prosesdir. Demək olar, əksər yaşayış məntəqələri sıfırdan tikilir. Böyük təəssüf və qınaq hissi ilə qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində Azərbaycan ərazilərinin minalarla və partlamamış dö­yüş sursatları ilə çirkləndirilməsinə görə də dünyada ilk sıralardadır. Odur ki, Bö­yük Qayıdışı unikal edən işğaldan azad olunmuş ərazilərin əvvəlcə minalardan təmizlənməsi, sonra tamamilə dağıdılmış infrastrukturun bərpası və yalnız bundan sonra yeni yaşayış məntəqələrinin inşası­nın mümkün olmasıdır. 
Üstəlik, bütün bunların yükü Azərbay­canın öz çiyinlərindədir və dost ölkələrin müəyyən addımlarını nəzərə almasaq, hər şey daxili imkanlarımız, iqtisadi gücü­müz və ölkə başçısının sarsılmaz iradəsi hesabına həyata keçirilir. Hazırda dünya­da belə bir praktika, istinad edə biləcəyi­miz hazır nümunə yoxdur. Hətta bir sıra ölkələr, müxtəlif təşkilatlar qısa müddətdə Böyük Qayıdışa necə nail olduğumuzu öyrənmək üçün bizə müraciətlər edirlər. Əlbəttə, biz də konkret problemlərin həlli zamanı beynəlxalq təcrübədən istifadə et­məyə çalışırıq. 
Çətinliklər, əlbəttə ki, var. Keçmiş məc­buri köçkünləri, əsasən, “işğaldan azad edilmiş ərazilərdə həyat necə olacaq” sualının cavabı narahat edir. Bu da təbii­dir. Çünki 30 ildən artıq müddətdə başqa mühitdə, xüsusilə şəhərlərdə, paytaxt Bakıda məskunlaşmış, yaşamış insanlar deurbanizasiya zamanı daha çox psixoloji problemlə üzləşirlər. Odur ki, cənab Prezi­dent bütün aidiyyəti dövlət qurumları qar­şısında Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün ən yüksək yaşayış standartlarının yaradılması tapşı­rığını qoyub.
Bundan başqa, məşğulluqla, təhsillə bağlı da həll edilməli müəyyən problem­lər mövcuddur. Ancaq qeyd edilən prob­lemlərin hər biri, əsasən də əhalinin işlə təmin edilməsi aidiyyəti dövlət qurumları tərəfindən xüsusi diqqətdə saxlanılır, həlli üçün bütün zəruri addımlar atılır. Belə ki, həmin ərazilərdə mütəmadi olaraq əmək yarmarkaları keçirilir, insanlar peşə kurs­larına cəlb olunur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin köçürülməsi və daya­nıqlı məskunlaşdırılması aparıldıqca biz də artıq kifayət qədər təcrübə toplayırıq və qeyd olunan məsələlərin daha çevik şəkil­də aradan qaldırılmasına nail ola bilirik.
– Doğma yurdlarına köçürülmüş insanların yeni həyata adaptasiya, uy­ğunlaşma prosesi necə gedir? 
– Çox həssas bir məqama toxundu­nuz. Təbii ki, adaptasiya məsələləri xü­suslə mühümdür. Qeyd etdiyiniz kimi, ötən müddətdə keçmiş məcburi köçkünlərin bir qismi dünyasını dəyişib, vaxtilə gənc olan­lar indi yaşlı və ahıldırlar, böyük bir qismi isə yeni, həmin ərazilərdə doğulmamış insanlardır. Biz uyğunlaşma prosesi ilə bağlı beynəlxalq təşkilatların təcrübəsini öyrənirik, müraciətlər edirik ki, əgər onla­rın psixoadaptasiya proqramları varsa is­tifadə olunsun. 
Uyğunlaşma probleminin aradan qal­dırılmasında əsas rol oynayan amillərdən biri də keçmiş məcburi köçkünlərin işğal­dan azad edilmiş ərazilərdə dövlət tərə­findən yaradılmış şəraitlə real tanışlığı ilə bağlıdır. 
Yəqin, siz də müşahidə edirsiniz ki, Laçın və Füzuli şəhərlərində, Ağalıda, Zabuxda, Talışda necə möhtəşəm, yaşa­yış üçün bütün aspektlər nəzərə alınmaq­la gözəl şərait yaradılıb. Orada fəaliyyət göstərən ən müasir standartlara uyğun tikilmiş məktəblərdə, bağçalarda uşaqla­rın, onların müəllimlərinin üzlərindəki se­vinci, xoşbəxtlik duyğusunu görmək hər birimizi qürurlandırır. Bütün bunları izlə­dikcə bütün keçmiş məcburi köçkünlərdə doğma torpaqlara qayıtmaq həvəsi də artır. Bunu aparılan müntəzəm sosioloji sorğuların nəticələri də təsdiqləyir.
– Fuad müəllim, Böyük Qayıdış çər­çivəsində indiyədək işğaldan azad edil­miş ərazilərdə neçə yaşayış məntəqə­sinə nə qədər insan köçürülüb və cari ilin sonuna kimi proqnozlar necədir?
– Bu günə qədər Laçın şəhərinə 1838 nəfərdən ibarət 537, Füzuliyə 3132 nəfər­dən ibarət 822, Ağalı kəndinə 871 nəfər­dən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb. Ümumilikdə, 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. İlin sonuna kimi isə 20 min insanın qayıdışı planlaşdırılır. Qayı­dışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmizin sim­voluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.
Sonda qeyd edim ki, möhtərəm Pre­zidentimizin xüsusi qayğısı və rəhbərliyi sayəsində dövlətimiz erməni vandalları­nın 30 il müddətində xarabalığa çevirdi­yi şəhər və kəndlərimizi qısa müddətdə, sözün əsl mənasında, cənnət məkana çevirəcək. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə keçmiş məcburi köçkünlərimi­zin postmünaqişə dövründə reinteqrasiya­sı və qayıdışı üzrə yeni, dünyəvi bir model təqdim edəcək. Bütün xalqımız kimi biz də buna əminik!
– Əhatəli müsahibə üçün təşəkkür edirik.
 
Söhbəti apardı: Mahir RƏSULOĞLU, yazıçı-jurnalist

Chosen
368
xalqqazeti.az

1Sources