EN

Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək

Politoloq: "Rusiya sanksiyalara ona görə tab gətirir ki, dünya tək ABŞ və Avropadan ibarət deyil”

Rusiya prezidenti Vladimir Putin mayın 7-də andiçmə mərasimindəki çıxışında prioritetlərinin konturlarını da bəyan edib. O bildirib ki, Rusiya çoxqütblü dünya nizamının formalaşdırılması üçün tərəfdaşlarla işləməyə davam edəcək: "Avrasiya inteqrasiyası və digər suveren inkişaf mərkəzlərindəki tərəfdaşlarımızla birlikdə çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bərabər və bölünməz təhlükəsizlik sistemində”.

Bu arada Rusiya rəsmilərinin açıqlamalarından o da aydın olub ki, Ukraynaya qarşıdakı həftələrdə daha böyük hücumlar başlayacaq.

Faktiki olaraq Putin dünyaya mesaj verib ki, daha əvvəllər də bəyan etdiyi kimi, Rusiyasız dünya mümkün deyil. O, hətta çıxışlarından birində daha radikal danışmışdı: "Rusiya yoxdursa, dünya da yoxdur...”

Görünən budur ki, Putin Rusiyanın dünyada güclənməsi və onun diqtə etdiyi qütbün formalaşması üçün Qərblə savaşı davam etdirəcək. Rusiya istəklərinə nail ola biləcəkmi? Bu qədər sanksiyalardan sonra Rusiyanın ayaqda durması, daha da radikallaşması necə şərh olunur?

Azər Hüseynov:

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın Rusiya ilə bağlı siyasətini olduqca mükəmməl sayır: "Mən həmişə bunu qeyd etmişəm ki, Azərbaycanın xarici siyasi kursunda ən önəmli məqamlardan biri Rusiya, İran və Türkiyə münasibətləridir. Rusiya böyük qlobal oyunçudur, özünəməxsus bir dayanıqlığa malikdir. Rusiya strateji ərzaq məhsullarını, eləcə də inşaat və metallurgiya məhsullarını istehsal edir. Eyni zamanda kim nə deyir desin, silahlı qüvvələri ilə Avropanı lərzəyə salır. Dünyanın neft-qaz nəhənglərindəndir. Son dövrlər, Rusiyanın regional siyasəti bizim maraqlarımızla uyğun gəlir. Ortaq tərəfdaş və dostlarımız var. Bunun başında Türkiyə gəlir. Ortaq problemlərimiz var, Fransanın liderlik etdiyi Avropanın bir sıra şımarıq gücləri. Ortaq mənəvi nöqtələrimiz də az deyil, LGBT və digər sapıqlıqlara qarşı eyni yanaşma. Ermənistana Rusiyanın son zamanlar münasibətinin dəyişməsi bizim maraqlarımıza uyğundur. Əlbəttə ki, fərqli mövqelərimiz də çoxdur. Lakin bu gün Rusiyanın qütb olmaqdan çıxması da istər bizə, istərsə də dünyaya az problem yaşatmır. Okeanın o tayı üstümüzə gəlir. Avropa qurumlarında bizə qarşı kampaniya baş qaldırır. Ermənistan belə bizi Avropa və Qərblə təhdid edir. Rusiya Qərblə bacaracaqmı? Mən suala belə bir sualla cavab verərdim. Qərb tarixən Rusiya ilə bacarıb? Fransanın qüruru Napoleonu kim uddu? Almaniyanın iki dünya müharibəsində qənimi kim oldu? Bir Qərb dövləti varmı Rusiyanı tarixən məğlub edən? Prezident Ərdoğan baxdı tarixə və düzgün qərar verdi. Baxdı ki, Osmanlı Rusiya ilə əsasən Qərbin təhriki ilə savaşıb. Rusiya da həmçinin. Osmanlı nə vaxt Qərbin təhriki ilə Rusiya ilə savaşıb, məğlub olub. Ona görə də Rusiya ilə müttəfiqliyə yaxın tərəfdaşlıq yolu seçdi. Bu addım bizə də Ermənistan işğalını bitirməkdə lazım oldu. Məhz buna görə Azərbaycan düz etdi ki, hisslərlə hərəkət etmədi. Rusiya ilə tərəfdaşlıq qurdu. Bu bizə lazımdır. Öz maraqlarımıza görə lazımdır. Baxın, Qərb bütün müttəfiqlərini ortada qoyur. Ukrayna müharibəsi başlayan gündən deyirəm ki, Rusiyanı burada məğlub edə bilməzlər. Demişdim ki, Rusiya Qərbi parçalayacaq. Oldu. Demişdim ki, Zelenskiyə qarşı çıxanlar onun ətrafından olacaq. Oldu. Hətta demişdim ki, Ukrayna iki yerə bölünəcək. İndi görürəm məndən çox sonra bunu deməyə başlayanlar da var. İndi də deyirəm ki, Ukraynanın Qərbin yox, öz xalqının maraqları üçün danışıqlara getməsə, solsahil və sağsahil Ukrayna olacağı günlər uzaqda deyil. Avropa Rusiyaya qarşı hansı orduları ilə dura bilər? Fransızlar lap Xarici Legionu göndərsinlər. Onlar da fransız da deyil. Bumu saxlayacaq Rusiyanı? Amerikaya gəldikdə isə onun müdaxiləsi açıq hərbi olarsa, bu, dünya müharibəsi deməkdir. Ona görə də Rusiya ilə optimal və maraqlarımıza uyğun siyasət qurmaq lazımdır. Bizim mövcudluğumuzun əsas amili bizi əhatə edən üç gücü nəzərə almaqdır. Hamı kimi bizim də milli maraqlarımız var. Onun da başında mövcudolma gəlir. Belə olan təqdirdə Rusiya-Türkiyə ikiliyində yeni qütbün yaranması Azərbaycanın dövlət maraqlarına uyğun olar. Dünyanı təkqütblü faciə götürüb. Yaxın Şərq od tutub yanır, körpələr dünyasını dəyişir, bombalar mülki həyatı iflic edir. Ukrayna defolt qarşısındadır. Pul verib, get vuruş deyənlər artıq faiz tələb edir. Ona görə də bir dövlətin başlıca ilkin marağı mövcudolmadır. Onu isə güc balansını düz qiymətləndirmədən etmək olmaz”.

 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı şimal qonşumuzun istəklərinə çatdığını düşünür: "Rusiya tək bölgə, region üçün deyil, ümumiyyətlə, dünya üçün çox önəmli bir dövlət hesab olunur. Dünyanın ən böyük ərazisinə malik, təxminən 17 milyon kvadrat kilometr ərazisi var, ən çox nüvə başlığına sahibdir, geniş potensiala malikdir. İndiki məqamda Qərbin 3 ildir sanksiyalarına baxmayaraq, Putin əzmkarlıqla mövqeyində durur. Bir addım da olsun geri çəkilmir. Avrasiya ilə, xüsusən Çinlə, İranla, Türkiyə, MDB ölkələri ilə, o cümlədən Azərbaycanla interqasiyanı, iqtisadi, ticari və digər sahələrlə əməkdaşlığını davam etdirir. Bu mənada Putin tam haqlıdır. Qərb yalnız Rusiyaya müəyyən sanksiyalar tətbiq etməklə öz işini bitmiş hesab edir. Ancaq Ukrayna hər gün demək olar ki, məhv olur. Yüz minlərlə insanını itirib. Minlərlə şəhərlər, rayonlar, qəsəbələr viran olub. 200 min kvadrat kilometr ərazisini Rusiya işğal edib. Bu qədər ərazi minalanıb. Faktiki olaraq Putin bir daha dünyaya, Amerikaya, Avropaya Rusiyanın nə qədər gücə, qüdrətə malik olduğunu göstərir. Tam məsuliyyətimlə deyirəm ki, həmin bu ABŞ sonda Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştə getsin. Nüvə silahını təsadüfən demədim, dünyada nüvə silahına sahib olan 8 ölkənin, ABŞ, Çin, Almaniya, Fransa, Hindistan, Pakistan və s. üst-üstə hesablayanda hamısının cəmi Rusiyanın nüvə başlığının sayı qədər edir. Putindən həm də buna görə çəkinirlər. Rusiya artıq istəklərinə çoxdan nail olub, Ukraynanı zəlil gününə qoymaqla. Sanksiyalara Putin ona görə tab gətirir ki, dünya tək ABŞ və Avropadan ibarət deyil. Həm də biz çox yaxşı bilirik ki, ABŞ son illər özünə qətiyyətli bir lider yetişdirə bilməyib, məsələn, Con Kennedi kimi. Putin də çox ağıllı adamdır və bunu da yaxşı bilir”.

Chosen
198
50
aktual.az

10Sources