EN

Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib

34 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
DİM-dən AYNA-ya verilən məlumata görə, dövlət qulluğuna qəbul imtahanı, həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə qrupları istisna olmaqla) DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda təşkil olunub.
Burada namizədlər kompüter vasitəsilə imtahanı veriblər. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib.
Xatırladaq ki, yeni imtahan korpusunda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olaraq, binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan verir.
Məhz bu texnologiya sayəsində Naxçıvanda keçirilən imtahan da elektron formada təşkil olunub və vahid mərkəzdən idarə olunub.
Yeni imtahan korpusunun fəaliyyətə başlaması biliyin qiymətləndirilməsi kimi kütləvi prosesin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addımdır.
İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə üç nəfər, AC1 altqrupu üzrə dörd nəfər, AC2 altqrupu üzrə beş nəfər, AC3 altqrupu üzrə səkkiz nəfər, AC4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 34 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Qeyd olunduğu kimi, AB, AC, BA vəzifə qrupları üzrə imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahanda 88 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə bir, AB4 altqrupu üzrə üç, AC2 altqrupu üzrə bir, AC3 altqrupu üzrə altı, AC4 altqrupu üzrə dörd, BA1 altqrupu üzrə dörd, BA2 altqrupu üzrə 13, BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 14 nəfər olmaqla, ümumilikdə 70 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri iki gün ərzində elan olunacaq.

Chosen
217
18
ayna.az

10Sources