EN

Vəliyevin bankı bağlandı, Mehdiyevlərə məxsus “Bank BTB”-nin taleyi necə olacaq?

Bank sektorunda vüsət alan amansız rəqabətə hətta uzun illər bu sahədə fəaliyyət göstərən banklar belə tab gətirə bilmir. Onların bir qismi borclanır, bir qismi isə tamamilə sıradan çıxışr. Bu prosesdə diqqəti çəkən məqamlardan biri də bir sıra keçmiş və ya hazırkı məmurların sahib olduqları banklardan məhrum olmasıdır.


Məsələn, elə bu yaxınlarda Bakupost.az siyasi cəhətdən iflas edən, ardınca elm sahəsindən uzaqlaşan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə yaxın Bank BTB-nin ziyanla işlədiyi, bu səbəbdən satışa çıxarıldığı haqda yazmışdı.








Hazırda adı çəkilən bankın satılıb-satılmadığı məlum deyil. Belə ki, son məlumatlara görə, Bank BTB-nin sahibi, Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyev onu 15 milyon manata satmaq barədə razılaşsa da, Ramiz Mehdiyevin alıcıdan əlavə 1 milyon manat da tələb etməsi səbəbindən sövdələşmə baş tutmamışdı.


Qeyd edək ki, Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bankın Ramiz Mehdiyevin general rütbəli oğlu Teymur Mehdiyev tərəfindən idarə olunduğu bildirilir.


Qeyd edək ki, məsələnin mediaya çıxması isə Ramiz Mehdiyevin ciddi narahatlığına səbəb olmuşdu. Belə ki, açıqlama vermək məcburiyyətində qalan sabiq PA rəhbəri ziddiyətli fikirlər səsləndirmişdi: əvvəlcə bankın oğlu Teymur Mehdiyevin, daha sonra isə gəlininin adına olduğunu bildirmişdi.




Bu məsələnin səs-küyü yatmamış daha bir tanınmış şəxsin – sabiq deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin ailəsinə məxsus “Muğanbank”ın bağlandığı bəlli oldu.

Belə ki, Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olunub. Məsələ ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunur ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Beləliklə, Muğan Bank”ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

“”Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə 1,3 % təşkil edir. Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”, – deyə Mərkəzi Bankın məlumatında deyilr.


“Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.






Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır.

“Muğanbank”ın səhimləri rəsmi olaraq Elmir Maqbet oğlu Mehdiyevə ( 67,74%), Vəfa Əhməd qızı Vəliyevaya (10,65%) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03%) məxsus idi. Qeyd edək ki, Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva isə qızıdır.


Vaxtilə Elmir Mehdiyevin atası Maqbet Mehdiyev də bankın səhimlərinin bir hissəsinin sahibi idi. 2022-ci ildə dünyasını dəyişməsindən sonra ona məxsus səhmlər qohumlar arasında bölüşdürülüb. Bəzi məlumatlara görə isə sonradan bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürülüb. Nəticədə Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.


Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, onun zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür.


Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətdiyindən xəbər verir.





Beləliklə, “RöyalBank”dan sonra Əhməd Vəliyevin ailəsinin “Muğanbank”ı da iflas etdi. Bəs, Ramiz Mehdiyevin ailəsinə məxsus Bank BTB-nin taleyi necə olacaq? Bu, həkləlik dəqiq məlum deyil. Ancaq bank sektorunda əsən rüzgarlar 15 milyon borcu olan Bank BTB üçün də kədərli perspektiv vəd edir. Görünür, elə buna görə də Mehdiyevlər onu satışa çıxarıblar.

Beləliklə, aydın olur ki, Bank BTB ya satılacaq, ya da “Muğanbank”ın taleyini yaşayacaq…

Chosen
247
tribunainfo.az

1Sources