- Müəllif, Jiyar Gol
- Vəzifə, BBC Farsca
İran ilk dəfədir ki, İsrailə birbaşa, öz torpaqlarından hücüm etdi.
İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun müttəfiqləri və bölgədəki yerli dəstəkçiləri arasında etibarını qoruması üçün bu hücum çoxları tərəfindən çox vacib hesab edilib.
İranın bu hücumla öz iradəsiylə bərabər, raket və pilotsuz uçuş aparatlarının tutumunu göstərməyi hədəflədiyi də müzakirə mövzusudur.
45 il əvvəl ölkənin islamçı sistemini müdafiə etmək və nizami silahlı qüvvələrə qarşı balans məqsədiylə qurulan İnqilab Keşikçiləri Korpusu o vaxtdan İranda və regionda böyük hərbi, siyasi və iqtisadi gücə çevrilib.
Şənbə gecəsi baş vermiş hücumdan sonra İran İslam Respublikasının çox sayda dəstəkçisi Fələstin bayraqları ilə Tehrandakı şənliklərdə iştirak edib.
İran hökumətini dəstəkləyən 20 yaşlarında olan bir qadın BBC Farscaya göndərdiyi səsli mesajda deyir ki, o, “Suriyada və başqa yerlərdə daha çox iranlı hərbçinin öldürülməsinin qarşısını almaq üçün İsrailə hücumun doğru qərar olduğuna inanır”.
Lakin İran İslam Respublikasını tənqid edən bir çox iranlı hakimiyyətin bütün İran xalqının fikirlərini təmsil etmədiyini bildirir.
40 yaşlarında bir kişi BBC Farscaya “Biz İslam Respublikası deyilik, biz gerçək İranıq. İranlıların özləri mövcud rejimlə müharibə vəziyyətindədir. İsrail də daxil olmaqla, heç bir xalqla düşmənçiliyimiz yoxdur” deyir.
50 yaşlarında başqa bir qadın isə hücumun regional bir müharibəyə çevrilərək İran, İsrail və qərbli müttəfiqləri arasında genişmiqyaslı bir münaqişəyə yol açacağından naharatlığını dilə gətirir.
Bu əhval-ruhiyyə İran valyutasının ABŞ dollarına nisbətən daha da ucuzlaşmasında da müşahidə olunub.