İqlim dəyişikliyi ilə mübarizə dünya birliyinin qarşısında duran aktual problemdir. İstixana qazları emissiyalarının azaldılması, həssas ekosistemlərin qorunması və əlverşsiz iqlim dəyişikliyinə uyğunlaşma planetin davamlı inkişafının təmin edilməsi üçün getdikcə daha vacib hal alır.
Bu kontekstdə noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransı (COP29) qlobal razılaşma və əməkdaşlıq üçün mühüm fürsətdir. COP29 istixana qazı emissiyalarını azaltmaq və dəyişən iqlimə uyğunlaşma tədbirlərini gücləndirmək üçün strategiyaları müzakirə etmək və qəbul etmək üçün platforma rolunu oynayacaq.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Report”a müsahibəsində COP29-dan gözləntilər, konfransın uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlıqdan, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində səylərindən, minatəmizləmə sahəsindəki əməkdaşlıqdan və digər mühüm mövzulardan danışıb.
- Bu il COP29 Bakıda keçiriləcək. Bu konfransdan gözləntilərinizi bölüşə bilərsinizmi?
- Qarşıdan gələn COP29 iqlim konfransı həm ev sahibi ölkə, həm də dünya birliyi üçün mühüm hadisə olacaq. Bu görüş qlobal miqyasda iqlim fəaliyyətlərinin irəliləməsində həlledici rol oynayacaq.
COP29-a sədrlik edən ölkə aydın baxış ifadə edib: o, cari sessiyanı ümumiyyətlə iqlim konfransları üçün həlledici etməyə çalışır. Məqsəd BƏƏ-də əldə edilmiş konsensusu möhkəmləndirmək və COP30 üçün zəmin hazırlamaqdır.
COP sadəcə bir tədbir deyil, davamlı prosesdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər biri növbəti konfraslar üçün əsas yaradır və əsas məqsədlərə - qlobal temperaturun 1.5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına, ən həssas icmaların iqlim dəyişikliyinə uyğunlaşmasına yardım edilməsinə və 2050-ci ilə qədər sıfır emissiyalara nail olunmasına töhfə verir. İqlim böhranının ciddiliyini nəzərə alaraq, hər bir COP-un mühüm əhəmiyyət kəsb etdiyini söyləyə bilərik. Bu istiqamətdə uğursuzluğu variant kimi nəzərdən keçirmək mümkün deyil. Odur ki, COP29 üzrə qlobal gözləntilər olduqca yüksəkdir. COP29 ilə bağlı üç əsas prioriteti vurğulamaq istərdim: iqlim maliyyələşdirilməsi və Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müəyyən edilməsi; şəffaflıq və hesabatlılıq; Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) genişləndirilməsi üçün siyasi impulsun yaradılması.
Yeni, kəmiyyətcə müəyyən edilmiş kollektiv iqlim maliyyələşdirmə hədəfinin müəyyən edilməsi vacibdir. Bundan başqa, “Paris Sazişi”nə uyğun olaraq, ölkələr bu ilin sonuna qədər ilk ikiillik şəffaflıq hesabatlarını təqdim etməyi öhdələrinə götürürlər, bu hesabatlarda şəffaflıq və hesabatlılığın təmin edilməsi həlledici əhəmiyyət kəsb edir. Həmçinin növbəti iterasiya (versiya 3.0) üçün siyasi təkan yaratmaq son dərəcə vacibdir. COP29-dan qlobal gözləntilər yüksəkdir, lakin BMT-nin Azərbaycandakı komandası bunu ölkə üçün bir fürsət kimi də görür. Bu sessiyanın Bakıda keçirilməsi müsbət dinamikadan istifadə etmək və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində ambisiyalarını artırmaq şansı verir.
- COP29-un uğurla keçirilməsi üçün Azərbaycan və BMT-nin necə əməkdaşlıq edəcəyi barədə məlumat verə bilərsiniz?
- Biz üç paralel istiqamətdə işləyirik. Birincisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyindən olan həmkarlarım iqlim konfransının təşkilatçılarıdır. Əsasən, onlar konfransın uğurla keçirilməsini təmin etmək üçün COP29 sədrliyi üçün logistik və məzmunlu dəstək göstərirlər.
Eyni zamanda, sədrlik edən tərəf BMT-yə müraciətində aydın şəkildə bildirib ki, o, əlaqələndirilmiş dəstək almaq istəyir. Buna görə də biz BMT-nin qlobal işçi qrupunu yaratdıq. Mən BMT-nin Baş katibinin iqlim məsələləri üzrə müşaviri Selvin Hartla birlikdə bu qrupa rəhbərlik edirəm. BMT-nin 25 bölməsindən ibarət olan bu işçi qrupu COP29 sədrliyi təşəbbüslərini dəstəkləmək üçün BMT ekosisteminin kollektiv təcrübəsini birləşdirir. Nəhayət, 18 agentlikdən ibarət olan BMT-nin Azərbaycandakı ölkə komandası COP-dan əvvəl və onun çərçivəsində keçirilən tədbirlərə cəlb olunma strategiyasını hazırlayıb. Bu strategiya çərçivəsində aparıcı təşəbbüs "İqlimlə bağlı 29 söhbət" silsiləsidir. “AmCham”, ADA Universiteti və “Paşa Holdinq”lə tərəfdaşlıq çərçivəsində biz artıq ictimaiyyətin Tərəflər Konfransının və iqlim fəaliyyətlərinin əhəmiyyəti barədə məlumatlılığını artırmaq üçün 5 iqlim söhbəti təşkil etmişik. Bu əlaqələndirilmiş səylər iqlim dəyişikliyi ilə qlobal mübarizədə COP29-u əsas hadisəyə çevirmək istəyimizi nümayiş etdirir.- Mövcud çağırışları və imkanları nəzərə alaraq, dövlətlər üçün iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hansı strategiya və tədbirləri ən effektiv hesab edirsiniz?
- İlk olaraq vurğulamaq istərdim ki, bu, təcili şəkildə fəaliyyət göstərməklə bağlıdır. Əslində, növbəti bir neçə il qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdıra biləcəyimizi müəyyən edəcək. Bu həddi aşmamaq üçün 2030-cu ilə qədər istixana qazı emissiyalarını 2010-cu illə müqayisədə 45 faiz azaltmalıyıq. Yəni emissiyalar 2025-ci ilə qədər pik nöqtəsinə çatmalıdır. Ölkələrin görməli olduğu üç fəaliyyət istiqaməti var: yeni milli səviyyədə müəyyən edilmiş töhfələri (NDC 3.0) qəbul etmək, tədricən qalıq yanacaqlardan imtina etmək və iqlim maliyyələşməsini müəyyənləşdirmək.
BƏƏ konsensusu ilə müxtəlif milli başlanğıc nöqtələri nəzərə alınaraq, qlobal emissiyaların 2025-ci ilə qədər pik nöqtəsinə çatmasının zəruriliyi qəbul edilib və ölkələrə 1,5 dərəcə məhdudiyyətinə uyğun olan iqtisadiyyat miqyasında NDCs təqdim etmək təklif olunur. BMT-nin bütün sistemi - UNDP-nin texniki rəhbərliyi altında - ölkələrə bu məsələdə yardım etmək üçün səfərbər olunub.
Yeni öhdəliklər bütün sektorlarda emissiyaları əhatə etməlidir. Bunlarla “təmiz enerji”yə ədalətli keçid nəzərdə tutulmalıdır. Üstəlik, onlar güclü siyasət və qaydalarla dəstəklənməlidir: səmərəli karbon qiymətindən tutmuş qalıq yanacaqlara subsidiyalara son qoyulmasına qədər. İnkişaf etməkdə olan ölkələr üçün bu, eyni zamanda milli keçid planları və milli investisiya planlarının əhatə olunduğu milli iqlim planları yaratmaq şansıdır: kapital və investisiyaları cəlb etmək, təmiz, sıfır emissiya gələcəyinə ədalətli keçidi müəyyən etmək və gələcək nəsillər üçün dayanıqlı inkişafı təmin etmək. G20 ölkələri üçün bu, qalıq yanacaqlardan ədalətli və bərabər imtinanı sürətləndirərək dünya arenasında həqiqi liderlik nümayiş etdirmək imkanıdır. BƏƏ konsensusu həmçinin Tərəfləri qalıq yanacaqlardan imtina etməyə və 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmağa, eləcə də dünya miqyasında enerji səmərəliliyini artırmaq üçün tədbirləri iki dəfə artırmağa çağırır. Bu keçidin planet və insanlar üçün ədalətli olmasını təmin etmək üçün indi tədbirlər görülməlidir. Bu, ilk növbədə xammal təchiz edən ölkələrdə enerji keçidi üçün həlledici əhəmiyyət kəsb edən mineral xammalın istehsalı və ticarətinin ədalətliliyini, dayanıqlılığını və maksimum əlavə dəyərini təmin etmək üçün işləri əhatə edir. İnkişaf etməkdə olan ölkələr yalnız xammal istehsalçıları olmamalıdır. Onlar xammalın emalı imkanları baxımından çox daha yüksək səviyyədə olmalıdırlar. Ədalətli keçid həm də inkişaf etməkdə olan ölkələrin qalıq yanacaqlardan asılılıqdan xilas olması və hər bir ölkənin “təmiz enerji” ilə təmin edilməsi məqsədilə lazım olan maliyyə resurslarının əlçatan olması üçün təcili tədbirlər görülməsi deməkdir. Ən azı inkişaf etmiş ölkələr 100 milyard ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması məsələsinə aydınlıq gətirməlidir. Üstəlik, onlar 2025-ci ilə qədər uyğunlaşma maliyyəsini ikiqat artıraraq ildə azı 40 milyard ABŞ dollarına necə çatdıracaqlarını izah etməlidirlər. Bir sözlə, COP29-da bütün ölkələr iqlim maliyyələşməsi üzrə yeni ambisiyalı hədəf barədə razılığa gəlməlidir. Bu, həmçinin iqlim maliyyələşməsi üçün innovativ mənbələrin axtarılmasını tələb edəcək. İqlim böhranı ilə ən çox üzləşən ölkələr daha çox dəstək almalıdır. Bu üç fəaliyyət istiqamətinə əlavə olaraq, daha bir məsələni vurğulamaq istərdim: insan kapitalına investisiya. Ekoloji cəhətdən dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçid ölkələrdə müvafiq bacarıqların olmasından asılıdır. “Yaşıl keçid”i təmin etmək üçün bacarıqların inkişafına dair əlaqələndirilmiş və razılaşdırılmış siyasi yanaşmalara ehtiyacımız var və bu zaman inklüziv və geniş iştirakçılığa əsaslanan yanaşmalar tətbiq edilməlidir. Bu keçiddən xüsusilə əziyyət çəkən həssas və imkansız əhali qrupları üçün məqsədyönlü yenidən ixtisaslaşma lazımdır.
- Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi istiqamətində Azərbaycanın səylərini necə qiymətləndirirsiniz?
- Mən artıq üç ildir ki, Bakıdayam və görürəm ki, Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri sahəsində gündəliyə və onun həyata keçirilməsində irəliləyişin sürətləndirilməsinə sadiqliyini nümayiş etdirir. Ötən il Azərbaycan 2023-cü ildə DİM Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinin transformasiyası üzrə öz milli öhdəliklərini təqdim edən dünyanın 40 dövlətindən biri olub. Yüksək səviyyədə siyasi öhdəlik bir sıra göstəricilər üzrə əhəmiyyətli irəliləyişlə nəticələnib. ESCAP-ın 2015-2023-cü illər üçün apardığı DİM üzrə irəliləyiş təhlilinə əsasən, Azərbaycan DİM-in 61 göstəricisi üzrə irəliləyiş nümayiş etdirib. Birgə səylər və investisiyalar bu məqsədlərə çatmaq yolunda irəliləyişi daha da sürətləndirməyə kömək edə bilər. Bu il Azərbaycan DİM-in həyata keçirilməsindən əldə edilmiş təcrübələri bölüşmək üçün IV Könüllü Milli İcmalını təqdim edəcək. Azərbaycandan öyrənmək istəyən digər ölkələr də var. Biz həmçinin Laos Xalq Demokratik Respublikası ilə də işləyirik. Laosdan olan nümayəndə heyəti artıq burada olub. Laos Azərbaycan hökumətinin DİM-ə nail olmaqda necə irəliləyiş əldə etdiyini və könüllü milli icmalın hazırlanmasındakı təcrübəsini öyrənmək istəyir. Bu, Azərbaycanın davamlı inkişaf istiqamətində regional və beynəlxalq platformalarda liderliyinin daha bir gözəl nümunəsidir. Bu, uğurların, problemlərin və dərs götürülən məsələlərin bölüşdürülməsinə və bu istiqamətdə qarşılıqlı öyrənmənin asanlaşdırılmasına imkan verir.
- BMT ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın 2021-2025-ci illər üçün strateji istiqaməti barədə ətraflı məlumat verə bilərsinizmi?
- Son 30 ildən artıq müddətdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın strateji istiqamətləri dəyişikliklərə məruz qalıb, yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlıq əsaslı əməkdaşlığa keçib. Azərbaycan və BMT arasında DİM-lərin təşviqi üçün tərəfdaşlığı müəyyən edən hazırkı 2021-2025-ci illər üzrə BMT-Azərbaycan Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə uyğun olaraq, biz hökumətlə aşağıdakı istiqamətlərdə işləyirik: həssaslığı azaldan və dayanıqlığı artıran inklüziv qrupların təşviqi, dövlət və sosial xidmətlərin təkmilləşdirilməsi üçün daha güclü institutların yaradılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli, qadınların və qızların səlahiyyətlərinin artırılması. Ümumilikdə, 11-i Azərbaycanda yerləşən BMT-nin ümumilikdə 18 agentliyi, fond və proqramı milli inkişaf prioritetlərinə dəstək məqsədilə bu prioritet sahələrdə proqramlar həyata keçirir. 2021-2023-cü illər ərzində BMT Azərbaycanda Əməkdaşlıq Çərçivə Proqramının həyata keçirilməsi üçün 92 milyon ABŞ dollarından çox vəsait səfərbər edib və ayırıb. Bu proqramın həyata keçirilməsinin 4-cü ilində olduğumuz üçün bu il fəaliyyətimizin müstəqil qiymətləndirilməsini əldə etmək, qarşımıza qoyduğumuz nəticələrə nail olub-olmadığımızı, nəyin yaxşı olduğunu və harada daha yaxşı edə biləcəyimizi müəyyən etmək üçün xarici qiymətləndirmə aparırıq. Üstəlik, buraya ən əsası 2025-ci ildə hökumət və digər maraqlı tərəflərlə birlikdə növbəti Əməkdaşlıq Çərçivə Proqramını hazırlayarkən nəzərə almalı olduğumuz tövsiyələr daxildir.
- Sizcə, minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıq necə inkişaf edir?
- Bu, 2021-ci ilin iyul ayında ölkəyə səfər etdiyim zaman Azərbaycan Prezidenti İlham Əliyevin də danışdığı əsas məsələlərdən biri idi. BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəkləyir. Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci ildən başlayaraq Avropa İttifaqının, Böyük Britaniya hökumətinin, eləcə də təşkilatımızın daxili resurslarının maliyyə dəstəyi ilə BMTİP, UNICEF və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ANAMA-nın minalarla mübarizə səylərini, o cümlədən institusional gücləndirmə və texniki yardım göstərilməsi ilə dəstəkləyir. Lakin hələ görüləsi işlər çoxdur və Azərbaycanda minalardan təmizləmə fəaliyyətinin genişləndirilməsi və beynəlxalq dəstəyin artırılması üçün imkanlar var. BMT ANAMA ilə birlikdə minalarla mübarizə üzrə iki beynəlxalq konfransın təşkilinə kömək edib. Üçüncü konfrans Zəngilanda və Bakıda keçirilir. Bu beynəlxalq konfranslar ikili məqsəd daşıyır. Bir tərəfdən, bu tədbirlər davamlı inkişaf və sülh üçün ilkin şərt kimi minalarla mübarizənin dəstəklənməsinin vacibliyi barədə məlumatlılığı artırır. Digər tərəfdən, onlar ANAMA-nın artan texniki imkanları barədə təsəvvür yaradır və minalardan təmizləmə ilə məşğul olan digər ölkələr agentliyi qabaqcıl təcrübə mərkəzi kimi görürlər. Bundan başqa, bu konfranslar Qarabağın minalardan təmizlənməsi kimi kritik vəzifənin həllində davamlı beynəlxalq dəstəyin axtarılması üçün platforma rolunu oynayır.
- BMT Azərbaycanın qadın hüquqlarının müdafiəsi və genişləndirilməsi ilə bağlı səylərini necə qiymətləndirir və bu sahədə daha böyük irəliləyişə nail olmaq üçün hansı əlavə addımlar tövsiyə oluna bilər?
- BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq, qadınların və qızların səlahiyyətlərini gücləndirən gender-bərabər cəmiyyətlər əməkdaşlığın dörd prioritet sahəsindən biridir. Azərbaycanın milli inkişaf prioritetləri və beynəlxalq öhdəliklərinə uyğun olaraq, biz gender rolları ilə bağlı ayrı-seçkilik və stereotiplərlə mübarizə, qadınların əmək bazarında təmsilçiliyinin artırılması, cəmiyyətdə qadınların roluna mənfi münasibətin aradan qaldırılması, zorakılığın bütün formalarının aradan qaldırılması və s. siyasətin hazırlanmasına dəstək göstəririk. Biz həmçinin qadınların və qızların ehtiyaclarının daha səmərəli şəkildə ödənilməsi üçün milli qurumların potensialının gücləndirilməsinə, o cümlədən gender bərabərliyi ilə bağlı müxtəlif aspektlər üzrə məlumatların əlçatanlığının yaxşılaşdırılmasına kömək etdik. Həm qərar qəbul edənlərin, həm də yerli icmaların diqqətini cəlb etmək üçün birgə səylərimiz gender bərabərliyi uğrunda “mübarizə aparanlar” şəbəkəsinin genişlənməsinə səbəb olub.
BMT-nin dəstəklədiyi nəticələrə aşağıdakılar daxildir:
- Zərərçəkənlərin mütəxəssislərə yönləndirilməsi və onlara hüquqi və psixososial yardım göstərilməsi yolu ilə gender zorakılığına qarşı tədbirlərin gücləndirilməsi;
- Gender bərabərliyinə yönəlmiş yanaşmaların Məktəblərin Təkmilləşdirilməsi üzrə Milli Plana daxil edilməsi;
- Məsuliyyətli atalıq, bərabərhüquqlu ailə, dində gender məsələləri və qızların dəyəri mövzularında maarifləndirmə kampaniyalarının təşkili;
- Tərəfdaşlar koalisiyası ilə birlikdə Azərbaycanın 16 rayonunda 2700 nəfəri əhatə edən gender zorakılığına qarşı 16 günlük kampaniyanın təşkili;
- Əmək Məcəlləsinə texniki baxış və tövsiyələr nəticəsində parlament qadınlar üçün qadağan edilmiş peşələrin sayını 674-dən 204-ə endirib.
Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişaf Strategiyası (2022-2026-cı illər) və “Rəqabətqabiliyyətli insan kapitalı və müasir innovativ məkanı olan dinamik, inklüziv və ədalətli cəmiyyət” strateji prioriteti çərçivəsində Azərbaycan qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağı və qadınların yüksək ödənişli sənaye sahələrində iştirakını fəal şəkildə təşviq etməyi öhdəsinə götürdüyünü xatırlatmaq istərdim. Azərbaycan həmçinin qadınların orta aylıq əmək haqqının kişi həmkarları ilə nisbətini 2021-ci ildəki 64,8 faizdən 80 faizə qədər artırmağı öhdəsinə götürüb. BMT olaraq, biz vətəndaş cəmiyyəti və digər institutlarla tərəfdaşlıq çərçivəsində Azərbaycanda gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə nail olmaq üçün milli öhdəliklərinin və tədbirlərinin yerinə yetirilməsində hökumətə dəstək göstərməyə davam edəcəyik.
- BMT ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığın gücləndirilməsi üçün bundan sonra hansı addımlar atılacaq?
- Bütün yaxşı münasibətlər inkişaf edir, Azərbaycan hökuməti ilə tərəfdaşlığımız da istisna deyil. 1992-ci ildə BMT ofisini ilk dəfə açdığımız zaman göstərdiyimiz dəstək əsasən humanitar xarakter daşıyırdı. Çox sayda məcburi köçkün var idi. Aydındır ki, ölkə inkişaf etdikcə və iqtisadi tərəqqi nərdivanlarını qalxdıqca, tərəfdaşlığımızın xarakteri və birlikdə gördüyümüz işlər də dəyişdi. Lakin BMT ailəsi olaraq 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hökumətin çox ambisiyalı proqramını dəstəkləməyə davam etmək öhdəliyimiz dəyişməyib. Gələn il biz yeni əməkdaşlıq çərçivəsi hazırlamağı planlaşdırırıq. İndi, bu dəyişən şəraitdə Azərbaycanı dayanıqlı, “yaşıl” və inklüziv inkişaf yolunda dəstəkləməyə davam etmək üçün BMT-nin prioritetlərinin nə olduğunu müzakirə etməyi planlaşdırırıq. Şübhə etmirəm ki, iqlim dəyişikliyi ilə mübarizə prioritetlərdən biri olaraq qalacaq. Azərbaycanda COP29-un keçirilməsindən əldə edəcəyimiz qabaqcıl təcrübə və dərslərə əsaslanaraq, əməkdaşlığın yeni mərhələsində gənclərin, qadınların, əlillərin və s. iştirakı və cəlb olunması ilə bağlı əhəmiyyətli bir elementin olacağını da görürəm.