EN

Rumıniya ilə Azərbaycan arasında “yaşıl enerji”nin ötürülməsi ilə bağlı müzakirələr aparılıb

Rumıniya

Azərbaycan Milli Məclisinin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində A.Quliyev Rumıniya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Dan Barna ilə görüş keçirib. Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak edib.

Görüş zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin yüksək səviyyəsi qeyd edilib, bu münasibətlərin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu xüsusda “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin dekabr ayında Rumıniyaya həyata keçirdiyi işgüzar səfəri qeyd edilib. Bununla əlaqədar ikitərəfli münasibətlərdə enerji, nəqliyyat və bağlantı komponentlərinin oynadığı vacib rol, o cümlədən Avropaya “yaşıl enerji”nin ötürülməsində iki ölkə arasında mövcud əməkdaşlığın önəmi vurğulanıb.

Dan Barna 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Rumıniyaya səfəri çərçivəsində Azay Quliyev Buxarest şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü və Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib. Səfirliyin kollektivi ilə görüş keçirib, iki ölkə arasında mövcud əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb.

Chosen
171
7
xalqcebhesi.az

10Sources