EN

SOCAR-ın İstanbul ofisinə hücum edən Əhməd kimdir?

Qəzzada müharibənin getdiyi vaxt bir qrup təxribatçı SOCAR-ın İstanbul ofisinə hücum etdi. Onlar Azərbaycan şirkətinin “İsrailə neft satdığını”, “insanları bombalayan təyyarələrin bu neftlə işlədiyi” kimi iddialar irəli sürür, binanın fasadını rəngli boyalarla rəngləyir, şüşələrini sındırırdılar. Nəzarətdən çıxmış kütlə eyni iddiaları bir ağızdan xor kimi qışqırırdı. Halbuki nə SOCAR İsrailə neft satır, nə də kütləni İstanbul ofisinə doğru yönəldənlər üçün məqsəd Qəzzada baş verənlər, Fələstin məsələsidir. Ortada çoxvektorlu təxribat planının olduğu bəllidir. SOCAR-a hücum edən “Fələstin üçün min gənc” qruplaşması üzərindən örtüyü qaldırdıqda və arxasına nəzər yetirdikdə, hər şey aydın görünür.
“Fələstin üçün min gənc” hərəkatının Qəzzada müharibə başlayanda yaradıldığı deyilir. Hərəkatın əsas liderlərindən biri 25 yaşlı Əhməd Furkan Polatkan tələbədir və indiyə qədər Türkiyədə müxtəlif etiraz aksiyalarında fəallığı ilə seçilib. Əsas diqqətçəkən məqam hazırda Fələstini dəstəklədiyini deyən Polatkanın solçu hərəkatlarda iştirakı, hətta PKK-nı dəstəkləyən keçmiş HDP-yə də zaman-zaman dəstək verməsidir. İdeoloji olaraq kommunistdir, solçu “Gənclik Komitələri”nin üzvüdür. Martın 5-də solçu mediaya müsahibəsində bildirir ki, hərəkatın tərkibinə müsəlmanlarla yanaşı, kürdlər (PKK ideologiyasına mənsub olanlar - red), solçular, feministlər daxildir. Hərəkatın aksiyalarına siyasi dəstəyi də əsasən terrorçuluğu müdafiə edən solçu-kommunist qrupları verir. Türkiyə mediasının məlumatına görə, “Fələstin üçün min gənc” hərəkatının üzvləri arasında terror təşkilatı Marksist-Leninist Komunist Partiyası, bu qrupun gənclər təşkilatı, Gənclik Kollektivləri, Xalq Evləri və PKK-nın qolu olan İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinə (DHKP-C) bağlı dərnəklərin təmsilçiləri yer alır. Hərəkatın yaradılma təşəbbüsünü də terror təşkilatı MLKP-nin gənclər birliyi olan Sosialist Gənclik Dərnəkləri Federasiyası irəli sürüb. MLKP terrorizmi dəstəkləyən ESP, TİKKO, DHKP-C, İnqilab Qərargahı (Devrimci Karargah) kimi qrupları özündə birləşdirir. “Fələstin üçün min gənc” hərəkatının 1 may münasibətilə aksiya keçirməsi də onun arxasındakı ideolgiyaya diqqət çəkir. Hərəkatın tərkibində solçular, PKK terrorunu dəstəkləyənlərlə yanaşı, İranda müəyyən qrupların, xüsusilə dini-klerikal dairələrin dəstəklədiyi, ümumilikdə Türkiyədəki iranmeylli dəstələr yer alır. Misal üçün, hərəkatın fəallarından olan Ruken Arslan belə şəxslərdəndir. Bununla yanaşı, hərəkatın təbliğatını aparan əsas media qurumlarından olan “Acar Medya” və onun rəhbəri Məhəmməd Acar İranın dini dairələrinə yaxınlığı ilə seçilir. M.Acar mütəmadi olaraq Azərbaycanda “dinin qadağan edildiyi” iddialarını irəli sürür, yaxud “İsrailə dost, İrana düşmən Azərbaycan” təbliğatını aparır. M.Acar Türkiyədə İrana bağlı Kevser Kültür Mərkəzi və Əhli Beyt Alimlər Birliyinin televiziya kanalı olan On4 TV-nin də aparıcısı olub. Kanal terror təbliğatı apardığı üçün bağlanıb. Faktlar SOCAR-a hücum edən “Fələstin üçün min gənc” hərəkatının bir-birinə ziddi ideologiya mənsublarını birləşdirdiyini göstərir. Və bu detal şübhələrə yol açır: - Hərəkatda təmsil olunan PKK-nı və terror təşkilatının Türkiyədəki siyasi qanadını müdafiə edənlər, eləcə də solçuluq çətiri altında birləşən qruplar əsasən Qərb tərəfindən dəstəklənir: ABŞ başda olmaqla Qərb bütövlükdə Qəzza məsələsində İsraildən yanadır; - Qərbin dəstəklədiyi qruplarla iranmeyillilər siyasi və ideologiya olaraq fərqlənsə də, eyni hərəkatda təmsil olunurlar. Bu iki məqam fonunda Türkiyədə Fələstin məsələsini sidq-ürəkdən dəstəkləyən dini və millətçi kəsimin “Fələstin üçün min gənc” hərəkatında yer almaması, əksinə, bu kəsimlərə əks-qütbdə olması burada gerçək məqsədin Qəzzada baş verənlər olmadığını deməyə əsas verir. Bu hərəkatın arxasında dayanan güclər Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı etiraz dalğasını bir çətir altında birləşdirməyə çalışanlardır. Fələstin məsələsinin motiv olaraq seçilməsi də məhz Ərdoğan-Baxçalı ittifaqının elektoratını - dindar və millətçi kəsimi onlardan uzaqlaşdırmağa hesablanıb. Bütün bunların fonunda SOCAR-ın hədəf seçilməsi də təsadüfi deyil. Hücum edən qruplaşma iddia edir ki, Azərbaycan şirkəti “İsrailə neft satır”, halbuki dünyanın neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satır, traderlərin nefti kimə satdığına isə nəzarət etmək mümkün olmur. Yəni SOCAR-ın “İsrailə neft satması” feykdir. Bu feyk üzərindən kütlənin SOCAR-ın binasına göndərilməsi – Azərbaycanın hədəf seçilməsinin birdən çox məqsədi var. Birincisi, Türkiyə ictimai rəyində “bir millət, iki dövlət” ideologiyasını ləkələməyə çalışırlar; Motiv olaraq Fələstin məsələsinin seçilməsi də Türkiyənin dindar və millətçi kəsimində Azərbaycan əleyhinə fikir formalaşdırmağa hesablanıb. Bakı-Ankara xəttində yarana biləcək istənilən çat ermənilərdən tutmuş Cənubi Qafqazda maraqları olan həm regional, həm qeyri-regional ölkələrə sərf edir. İkincisi, Azərbaycanın brendi olan SOCAR haqqında mənfi imic formalaşdırmaq, şirkəti nüfuzdan salmaqdır.

Bu, ilk növbədə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə ciddi zərbə vura bilər. Eyni zamanda, SOCAR-ın dünyanın enerji bazarındakı mövqelərini nəzərə alsaq, burada enerji lobbilərinin də maraqları aydın görünür. Məsələ nə Fələstin, nə Qəzzada həlak olan insanlar deyil, məsələ sadəcə siyasi və qrup maraqlarıdır. Lakin təxribatçılar və onların arxasındakı güclərin SOCAR üzərindən oynadıqları oyun baş tutmadı. Türkiyədəki qardaşlarımız onların layiqli cavabını verdi.

Chosen
218
50
buta.tv

10Sources