EN

“Gözəl qadındır, amma əri ona xəyanət edir” - sirlər açdıldı

Azərbaycanda son zamanlar boşanmaların sayındakı artım cəmiyyətdə müzakirələrə səbəb olub. Ayrılmağa qərar verən insanları bu addımı atmağa vadar edən səbəblər içərisində xəyanət əsas yeri tutur. 


Bəs görəsən, insanlar niyə ömürlərini birgə keçirməyi planladıqları  insana xəyanət edirlər? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, xəyanət sevgi üzərində qurulan ailələrdə də baş verə bilir: 

“İstər sevgi ilə, istərsə sevgisiz qurulan ailələrdə problemlər yarana bilir. Baxın, bu gün məşhurların övladları aylarla toy, nişan, sözkəsdi, xınayaxdı mərasimləri edirlər, amma evləndikdən 6-8 ay, 1 il sonra boşanırlar. Həmin ailələr ki, sevgi ilə qurulub. Əslində isə bu sevgi deyil, ehtirasdır ehtiras üzərində qurulan ailələrin ömrü çox qısa olur. Çünki həmin hisslər getdikdən  sonra insanlar o hissi başqalarında axtarmağa başlayırlar.


Bəzən biz cəmiyyət olaraq hansısa qadına baxırıq, düşünürük ki, necə gözəl qadındır. Amma elə olur ki, həmin gözəl qadının həyat yoldaşı ona xəyanət edir. Yəni xəyanət gözəlliyə baxmır. Bəzən kişi çox gözəl, qabiliyyətli xanımına xəyanət edə bilər. Bəzi anlar var, bu, hisslərin pik həddə çatdığı andır, o anda kişi öz evini, ailəsini düşünmür. 

Hərdən deyirlər ki, mobil telefonlar xəyanətin yayılma səbəbidir. Bir tərəfdən bu fikirlə razıyam, digər tərəfdənsə yox. Xəyanət, boşanma cəmiyyətdə hər zaman olub. Sadəcə mobil telefonlar bəzi insanların əqidəsini, əxlaqını açıb ortaya qoydu, üzə çıxartdı. Bir insan əxlaqlıdırsa, telefon işlətsə belə, ona heç bir şey olmaz, lakin bəzi insanların iç üzü bununla açılır, aşkara çıxır”.

Psixoloq qeyd edib ki, sevgi və ehtiras bir-birindən çox fərqli anlayışlardır:

“Sevgi başqa, ehtiras isə başqa bir hissdir. Ehtiras insanın  gözünə pərdə çəkir, o, tez ailə qurur. Həmin hisslər keçəndən sonra isə qarşısındakı insanda qüsurlar axtarmağa və onları görməyə başlayır. Ancaq sevgi illərlə davam edir, bəzi insanlar çox uzun illər sevgi ilə qala bilirlər, onlar yaşlanır, sevgi isə sadəcə şəklini dəyişir, onlar bir-birini həqiqətən də sevirlər. sevgi zamanla yaranan, ehtiras isə ilk baxışdan yaranan duyğudur. Bunların fərqinə varmalıyıq”.


Onun sözlərinə görə, xəyanətdən sonra bəzi qadınlar dildə “bağışladım” desə də, bu, heç də belə olmur:

“Özünə hörmət edən, özgüvənli, ailəsini təmin edə bilən qadın ərinin xəyanətini qəbul edə bilməz, onu bağışlaya bilər, amma onunla yenidən bir araya gəlməz. Xəyanət insana çox acı hisslər yaşadır. Xəyanətdən sonra cütlüklər bir yerdə olursa, onlar sadəcə bir damın altında yaşayan iki yad insana çevrilir. Çünki qadın dildə bağışladım desə də, qəlb aynası sınır, ayna sınanda birləşsə belə, izləri qalır. Qadınlarda, ümumiyyətlə, bağışlama hissi yoxdur, o, kişiyə nələrisə keçə bilər, bu nəyinsə xatirinə ola bilər, lakin qadın zamanla güclənib ayağa qalxanda hər şey tamamilə dəyişir. Ona görə də çalışmaq lazımdır ki, ailəmizə qarşı sədaqətli, vəfalı olaq. Sevmədiyiniz insanlarla “anamın dediyi qızdır” deyə ailə qurmayın ki, sabah da xəyanətinizə bəraət qazandırmayasınız”. 

Əsmətxanım Rzazadə 

Chosen
24
kanal.az

1Sources