EN

Bu şəhər 2150-ci ilə qədər batacaq

İtaliyalı elm adamları sel maneələri sisteminin Venesiyanın batmasından və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyini bildirir və 2150-ci ilə qədər şəhərin su altında qalacağını proqnozlaşdırırlar.

Turkustan.az xəbər verir ki, İtaliyada elm adamları tərəfindən aparılan yeni araşdırmaya görə, ölkənin laqun şəhəri olan Venesiyanın bəzi hissələri 2150-ci ilə qədər su altında qalacaq.

Tədqiqat Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri tərəfindən aparılıb və gelgit səviyyəsinin artması ilə bağlı məlumatları təhlil edib.

Dünyanın ən turistik şəhərlərindən biri olan Venesiya onilliklərdir ki, getdikcə tez-tez baş verən daşqınlarla mübarizə aparır.

Venesiyanı və Adriatik dənizinin şimalındakı adalarını əhatə edən 550 kvadrat kilometrlik dayaz körfəz olan laqunda hazırda daşqından qorunma sistemi mövcuddur. Lakin alimlər bu maneələrin kanal şəhərini daim batmaqdan və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyi qənaətindədirlər.

INGV-nin bir qrup alimi, Venesiya laqonunda gelgit səviyyəsinin ildə təxminən yarım santimetr yüksəldiyini aşkar etdi.

Dəqiq artım şəhər daxilində dəyişir, Lido adasında 4,22 millimetrdən Malamokkoda 5 millimetrə qədər. Sözügedən məlumatlar Venesiyanın gelgit mərkəzinin son 20 ildə topladığı statistikaya əsaslanır.

Tədqiqatçılar bu məlumatları 2008-2023-cü illər arasında qeydə alınan yerin çökməsi ilə bağlı peyk məlumatları ilə birləşdiriblər. Araşdırma nəticəsində şəhərin bəzi hissələrinin 2150-ci ilə qədər həmişəlik su altında qalacağı qənaətinə gəlinib.

Alimlər Venesiyanın ən məşhur meydanı sayılan Müqəddəs Mark meydanının hissələrinin 70 santimetr suyun altında qalacağını təxmin edirlər. Şəhərin qərb tərəfi bu vəziyyətdən ilk təsirlənən ərazilərdən biri olacaq. 2019-2023-cü illər arasında 58 dəfə su altında qalan bu bölgə ən çox su basan bölgələrdən biridir.

INGV-nin tədqiqatçısı Marko Anzidei, "Dəniz səviyyəsinin yüksəlməsi, xüsusən də yerli çökmə ilə sürətlənirsə, getdikcə daha ciddi və geniş yayılmış sahil eroziyasına, çimərliklərin geri çəkilməsinə və dəniz daşqınlarına səbəb olur ki, bu da əhali üçün çox əhəmiyyətli ekoloji və sosial-iqtisadi təsirlərə malikdir".

Laquna girişlərindəki mobil maneələrdən ibarət sistem olan MOSE artıq fəaliyyətdədir, lakin 2025-ci ilə qədər tam işləyəcək. Yüksək gelgitlər zamanı qapılar çıxarılır və suyun laquna və şəhərə daxil olmasına mane olur, lakin bu "möcüzə həlli" qısamüddətlidir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin 2021-ci il hesabatında 2100-cü ilə qədər orta regional dəniz səviyyəsinin ən optimist qlobal istiləşmə ssenarisində 28-55 santimetr, ən pessimist ssenaridə isə 63-101 santimetr yüksələcəyi proqnozlaşdırılır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
23
2
turkustan.az

3Sources