EN

Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edilib.
 
Dövlət Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, infotur iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. İncəsənət ustalarına Kəlbəcərin füsunkar təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb. Onlar, həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədi üçün rayon ərazisinə gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində cizgilər işləyib, foto və videoçəkilişlər aparıblar.
 
Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastırını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
 
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir.
 

 

Chosen
107
33
moderator.az

10Sources