EN

ABŞ İrana qarşı yeni cəbhə açmaq niyyətindədi

 Ermənistan və ABŞ arasında hərbi əlaqələrin dərinləşməsi nəyə hesablanıb?

Dünyanın güc mərkəzlərindən hesab olunan ABŞ heç şübhəsiz ki, Cənubi Qafqazda da mövqelərini möhkəmlətmək niyyətindədir. ABŞ-ın tarix boyu formalaşmış Cənubi Qafqaz siyasətinə nəzər saldıqda məlum olur ki, bu siyasət  Vaşinqtonun Avrasiya məkanı ilə bağlı həyata keçirdiyi strategiyanın tərkib hissələrindən biridir. Bu baxımdan Cənubi Qafqazı ABŞ-nin  həyati maraqlarına daxil olan region kimi deyil, ciddi geosiyasi, geoiqtisadi, təhlükəsizlik maraqlarının olduğu bölgə kimi xarakterizə etmək mümkündür. 
Məsələn, Cənubi Qafqaz Birləşmiş Ştatların geostrategiyasında  Avropa, Yaxın Şərq və yaxud, Uzaq Şərqi Asiya kimi həyati əhəmiyyət daşımır, ancaq bununla belə, Vaşinqtonun bölgə ilə bağlı vacib maraqları var. ABŞ-nin   Cənubi Qafqazda ciddi maraqlarının formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi yerləşməsi, geostrateji mövqeyi və malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu amilləri nəzərə alaraq Birləşmiş Ştatlar son illərdə regionla bağlı prioritetlərini belə müəyyənləşdirmişdir: təhlükəsizlik, enerji və islahatlar. 1990-cı illərin əvvəllərindən günümüzə kimi dəyişən Ağ Ev Administrasiyalarının regionla bağlı siyasətində məhz bu prioritetlər üstünlük təşkil edib. Vaşinqtonda belə bir qənaət formalaşıb ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ-nin   və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır.
Azərbaycan balanslaşdırılmış, müstəqil xarici siyasət yürütdüyündən ABŞ Cənubi Qafqaz siyasətini Ermənistan vasitəsilə həyata keçirir. Vaxtilə Ermənistanda demokratik təsisatların  inkişaf etdirilməsi adı altında Yerevana maliyyə yardımı axıdan ABŞ artıq birgə hərbi təlimlər reallaşdırır. Paralel olaraq ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışır. Bundan sui-istifadə edən erməni lobbisi Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə nail olub. Təbii ki, İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən diaspora fəaliyyəti ABŞ-nin  Zaqafqaziya siyasətinə də böyük təsir göstərir.
Hazırda  ABŞ üçün Cənubi Qafqazın geostrateji əhəmiyyətini artıran əsas amillər bunalardır: Avrasiya məkanında dəhliz rolunu oynaması, Mərkəzi Asiyaya çıxış nöqtəsi olması, iki rəqibi Rusiya və İran arasında yerləşməsi, Vaşinqtonun 3 həyati maraqlarına daxil olan bölgələrə (Şərqi Avropa, Yaxın Şərq) yaxın olması, dənizlər (Qara və Xəzər dənizi) arasında yerləşməsi. Xüsusilə, Cənubi Qafqazın dəhliz rolunu oynaması və Rusiya-İran arasında yerləşməsi regionun cəlbediciliyini ABŞ-nin  geostrategiyasında artırır. Onu da əlavə edək ki, ABŞ Cənubi Qafqaza yalnız Mərkəzi Asiyanın enerji resurslarına çıxış əldə etmək prizmasından baxmır, həm də regionda geosiyasi, təhlükəsizlik maraqlarının təminatı baxımından da əhəmiyyəti olan dəhliz kimi yanaşır. Vaşintonun Cənubi Qafqazla bağlı digər vacib geostrateji marağı bölgədə Rusiya və İran kimi rəqiblərinin təsirini zəiflətmək, əksinə, öz təsirini artırmaqdır. Uzun illərdir ABŞ-nin   Rusiya ətrafında yaratmağa çalışdığı "plüralist" geosiyasi məkanda Cənubi Qafqaza xüsusi yer verilir. Cənubi Qafqazın timsalında Rusiya və İran arasında effektiv "təhlükəsizlik kəməri" nin qurulmasını Ağ Evin regionla bağlı başlıca geosiyasi istəklərindən biri kimi qəbul etmək mümkündür. Məhz sadalanan maraqlar ABŞ-nin   Cənubi Qafqazda fəallaşmasının əsasını təşkil edir. Çox təəssüf ki, sözügedən fəallaşma artıq insan hüquqlarının müdafiəsi, demokratik təsisatların inkişaf etdirilməsi ilə deyil, hərbi əməkdaşlıqdan keçir. Belə ki, ABŞ-nin  son hərəkətləri deməyə əsas verir ki, ABŞ Zəngəzurda İrana qarşı yeni kəşfiyyat mərkəzi yaradır.
Məlumata görə, ABŞ niyyətinə nail olmaqdan ötrü Ermənistanın hava məkanı və dövlət dəstəyindən istifadə edir. Məhz bu məqsədlə işğalçı dövlətə hərbi nəqliyyat təyyarələri ilə müasir kəşfiyyat sistemləri, uzaqvuran qurğular və digər zirehli texnikalar daşıyır. Gətirilən silahlar, kəşfiyyat avadanlıqları, hərbi- kəşfiyyat logistik mərkəzin  yaradılmasına hesablanıb. Bu hərbi-kəşfiyyat mərkəzi Zəngəzurda Ermənistan hərbi hissəsi kimi xarakterizə ediləcək. Və burada İrana qarşı kəşfiyyat məqsədləri üçün istifadə edilməsinə hesablanıb. Syasi ekspertlər hesab edirlər ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində ciddi işləyir və iki ölkə arasında lokal toqquşmaların əleyhinədir. Məhz Ermənistanın Azərbaycanla ikitərəfli danışıqlara getməsi, tələblərini yerinə yetirməsi Vaşinqtonun N. Paşinyana təlimatı əsasında həyata keçirilib. Ona görə ABŞ tərəfindən gətirilən bahalı kəşfiyyat və radar sistemləri görüntüdə Ermənistanın silahlanması və Azərbaycana qarşı kimi deyilsə də, burada məqsəd hədəfi yayındırmaqdır. Təbii ki, ABŞ Ermənistana müəyyən kiçik ölçülü silahlar verə bilər. Müəyyən təlimlər keçə bilər. Bunu sülhü pozmaqla və ya Azərbaycana qarşı etmir. Vaşinqton yaxşı bilir ki, növbəti hərbi toqquşma onun Ermənistanda geosiyasi mövqelərinə zərbə vura bilər ki, nəticədə aradan qaldırılması mümkün olmayan siyasi -hərbi böhran yarana bilər. Azərbaycan Ermənistanın cənubla əlaqəsini kəsər və böyük bir ərazidə bufer zona yarada bilər. Hazırda ABŞ, Zəngəzur dəhlizinin açılmasına çalışır. Bu istiqamətdə Türkiyə, Azərbaycan və Ermənistanla fəal şəkildə işləyir. Təsadüfi deyi ki, ABŞ dövlət katibinin köməkçisi O Brayn  Zəngəzur dəhlizinin açılmasıni Vasinqton üçün strateji əhəmiyyət olduğunu qeyd edib. Məhz  ABŞ Zəngəzurda İrana qarşı hərbi-kəşfiyyat  mərkəz açmasi ilə paralel Zəngəzur yoluna  nəzarət etməyi də planlaşdırır. Nəticə etibarilə qeyd etmək olar ki, Ermənistan və ABŞ arasında hərbi əlaqələrin dərinləşməsi heç bir halda regionda sülhə və rifaha xidmət etmir. 
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
95
2
olaylar.az

10Sources