Bəlkə də bir çoxları həmin romanı oxumayıb. Amma əminəm ki, hər bir kəs belə bir qanadlı ifadəni çox eşidib: “Бальзаковский возраст”... Adətən bu ifadə dahi fransız yazıçısı Onore de Balzakın “Otuz yaşlı qadın” adlı məşhur romanına və o romanın Jüli adlı qəhrəmanına bir işarə kimi işlədilir. Balzakın qadınlarda sevdiyi yaş... Çox adam elə düşünür ki, qeyd olunan yaş həddini, yəni 30 yaşı və ya həmin yaşda olan xanımları yazıçının özü də sevib.Əslində heç də elə deyil. Maraqlı burasıdır ki, Balzakın atası Berner Fransua Barsa (Balzak) 52 yaşında olarkən 19 yaşlı Anna Şarlotta ilə ailə qurub. Son zamanlar Balzakın tədqiqatçılarından biri Fransua Tayyandye yazır ki, əslində gələcək yazıçının “gizli atası” qonşuluqda yaşayan de Marqona adlı imkanlı bir adam olub. Fakt budur ki, kiçik Onoreyə hələ uşaqlıqdan anasının münasibəti çox soyuq olub. O, daim ana nəvazişinə ehtiyac duyub. Görünür bu ehtiyacdandır ki, yazıçı daim özündən yaşlı qadınlara maraq göstərib. Balzakın ilk vurulduğu qadının yaşı 30 yox, 40-dan da çox idi. Bu qadın cazibədar Lore de Berni idi və onun 42 yaşı, üstəlik də 9 övladı vardı. O vaxt gələcək dahinin cəmi 20-21 yaşı vardı. Balzakın böyük istedadını da ilk dəfə görüb qiymətləndirən də məhz elə bu qadın olmuşdur. ...Sonralar Balzakın bir neçə dəfə vuruldu. Onun sevdiyi qadınlardan ən məşhuru və sonuncusu qrafinya Evelina Qanskaya (Hanskaya) idi. Dahi ədibin bu xanımla coşqun və bir qədər də mistik məhəbbətinə aid çoxlu əsərlər yazılmış, filmlər çəkilmişdir… Balzak ölüm yatağında olarkən Evelina qonşu otaqda öz kefində imiş…Qeyd: Məqalə Firuz Mustafanın səhifəsindən götürülüb.