Tarixi zəmin və gücün rifah naminə əməkdaşlıq trayektoriyası
Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ötən həftə reallaşdırdığı dövlət səfəri hər iki ölkə xalqlarının həyatında tamamilə yeni bir səhifə açdı. Bu səhifəni şərtləndirən isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Dövlətimizin başçısının təbirincə desək, rəsmən müttəfiqlik münasibətlərdə tarixi məqamdır.
Onu da əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi fonunda, bütövlükdə, Türk dünyasının önündə parlaq səhifə açılmaqdadır. Sözügedən sazişin türk dünyasının konsolidasiyası baxımından müstəsna əhəmiyyəti var. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən sonra, belə demək mümkünsə, müttəfiqlik estafetini Özbəkistanın götürməsi isə təbii qanunauyğunluqdur. Azərbaycan və Özbəkistan liderlərinin apardıqları siyasətdəki qarşılıq inam və etimad mühiti bunu söyləməyə əsas verir. İnam və etimad ciddi amildir. Digər tərəfdən, nəzərə alaq ki, Azərbaycan – Özbəkistan müttəfiqliyi üçün əvvəlki illərin, hətta, nisbətən uzaq keçmişin bazası da mövcud idi.
Əvvəla, hələ keçmiş SSRİ zamanında hər iki müttəfiq respublika arasında mədəni əlaqələr həmişə yüksək səviyyədə olub. Xalqlar etnik birlik, dil yaxınlığı amillərini əsas tutub, dostluq və qardaşlıq əlaqələrini inkişaf etdiriblər. Ancaq nəzərə almalıyıq ki, bəzən dövlətlər arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasına onilliklər tələb olunur. Bu məsafənin çox qısa bir zamanda qət edilməsi də yuxarıda vurğuladığımız amilin nəticəsidir.
Tarix öz yerində, Azərbaycan Prezideninin iki il əvvəl Özbəkistana dövlət səfərinin reallaşmasından sonra bu gün yaşanan müsbət mənzərəni proqnozlaşdırmaq olardı. Həm də ona görə ki, sözügedən səfər və səfər çərçivəsində əldə olunmuş razılaşmalar qarşıdakı müddət üçün əməkdaşlığın dinamik olacağından xəbər verirdi. Dinamikliyin isə strateji müttəfiqliyə gətirib çıxarması şərtdir.
İkincisi, dost dar gündə tanınar, – deyib atalarımız. Özbəkistanın otuz illik işğal zamanı Ermənistanla diplomatik münasibətləri olmadı. Həmin müddətdə rəsmi Daşkənd İrəvanda səfirlik açmadı, həmçinin Ermənistanın da Özbəkistanın paytaxtında ali diplomatik missiya açmasına icazə verilmədi. Bunun özü də qarşılıqlı etimad mühitinin müttəfiqlik perspektivi üçün başlıca mənəvi və siyasi göstəricidir.
***
“Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, – deyən Prezident İlhamƏliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında onu da bildirmişdi ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Hazırda qətiyyətlə deyə bilərik ki, Azərbaycanla Mərkəzi Asiya regionu vahid geosiyasi, tarixi və mədəni məkan kimi çıxış edirlər. Bu mənada Prezident İlham Əliyevin regionda yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin həmin ölkələrin təmsil olunduqları təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı diqqətdən yayınmır. Yəni ki, ölkəmizin region dövlətləri ilə əlaqələrinin yüksək dinamikası mövcuddur.
Nəzərə alaq ki, dövlətimizin başçısı son illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Mərkəzi Asiya ölkələrində keçirilən sammitlərinə qatılıb. Ölkəmizin lideri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının məşvərət görüşlərində və digər tədbirlərdə də iştirak edib. Onu da vurğulamaq lazımdır ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi də müstəsna məqamdır. Yəni, bütün bunlar və sadalamadığımız bir çox məqamlar var ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarının vahid geosiyasi regiona çevrildiyini göstərir. Prezident İlham Əliyevindili ilə desək, regionlarımızda müsbət proseslər məhz Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Belə nəticəyə gəlirik ki, Bakı – Daşkənd rəsmi müttəfiqliyi, ümumən, Mərkəzi Asiya baxımından önəmlidir. Əlbəttə, bu önəmdən faydanı götürəcək daha böyük siyasi məhfum Türk dünyasıdır. O dünya ki, hazırda mühüm qlobal güc mərkəzi kimi çıxış edir. Gücə qarşı isə qısqanc yanaşanlar həmişə olur. Deməli, ölkələrimiz arasındakı müttəfiqliyin təhdidlərə qarşı birgə müqavimət amili aktualdır.
İnkişaf böyük hədəfdir. Müttəfiqliyi təhlükəsizlik təminatı kimi götürsək, onun inkişaf üçün zəmanət faktoru olması reallığı üzərində dayanmalıyıq. Bu reallıq inkişafda dayanıqlılıq trayektoriyasını müəyyənləşdirir. İnkişaf dayanıqlı olmalıdır ki, yüksək nəticələr əldə olunsun və genişlənsin. Elə bir nəticələr ki, xalqları firavan, parlaq gələcəyə çatdırsın.
Bəli, Türk dünyasının müttəfiqlik halqasının genişlənməsi dövrün və zamanın qlobal siyasi çağırışlarına layiqli cavabdır. Bu prizmadan yanaşsaq, Azərbaycan-Özbəkistan müttəfiqliyi fonunda, bütövlükdə, Türk dünyasının önündə parlaq səhifənin açıldığını təsadüfən vurğulamadıq. Əlavə edək ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasının mədəni, sosial inkişafı, rifahı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatmasına zəmin və fürsət yaradır, həmçinin, bütövlükdə, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.
Ə.RÜSTƏMOV
XQ