RU

Gənclər siyasətində milli və dövlətçilik maraqları prioritetdir

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


 44 günlük Vətən müharibəsində bu amil həlledici rol oynadı

Bu gün Azərbaycan gəncliyi qarşısında duran əsas vəzifə ölkəmizin bərpa olunmuş ərazi bütövlüyünə xələl gətirəcək, dövlətçiliyimizə təhlükə ola biləcək hər hansı bir əməlin qarşısını almaq, ölkəmizin suverenliyini qorumaq, üçrəngli bayrağımızı daim yüksəklərə qaldırmaq, Vətənimizə xor baxanların bəd niyyətlərini puça çıxarmaqdır. Bu yolda gəncliyin yol göstərəni, əlbəttə ki Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Gənclərimiz cənab Prezident tərəfindən uğurla icra edilən və əsas prioritetləri sırasında gənclərin milli və vətənpərvər ruhda yetişdirilməsi də olan dövlət siyasəti ilə müəyyənləşən yolla addımladıqca, dövlətçiliyimiz daha da möhkəmlənəcək, Vətənimiz azad və firavan olacaq. Təsadüfi deyil ki, cənab Prezident 2024-cü ildə qarşıda duran vəzifələrdən danışarkən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsini vurğulayaraq əsas istiqamətləri açıqladı. Sevindiricidir ki, bir çox qurumlar, təşkilatlar dövlət siyasətinin bu istiqamətinə önəm verir. Yay mövsümü ərzində məhz gənclərin iştirakı ilə müxətlif tədbirlər, festivallar, düşərgələr təşkil edilib. Ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" bu gün də uğurla davam edir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın sayca 6-cı düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29-un sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. “Yay Fest”in 6-cı düşərgəsi “Birlikdə daha yaşıl gələcəyə!” devizi ilə keçirilir. Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtını səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir. Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub. "Yay Fest"in 6-cı düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, məşhur blogerlərlə panel görüşlər, komanda işləri, haykinq və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Həmçinin düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib. Eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub. Gəncliyin enerji dolu atmosferi olan "Yay Fest" gənclər üçün əyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları ilə zəngindir. 

Yay düşərgələrinin gənclərin formalaşmasında, vətənpərvər ruhda yetişməsində  böyük əhəmiyyət daşıdığını deyən  Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır:  

- Həmin illər biz qazilərin çox yaxşı yadındadır. Ölkə müharibənin ağrı-acılarını yaşayırdı. Qarabağ müharibəsində nə qədər gənclər sağlamlığını itirmişdi, əlil olmuşdular. Ümidsizlik vardı. Amma Heydər Əliyev gəncləri inandıra bildi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək, ölkəmiz getdikcə daha da dirçələcək və Azərbaycan dünyada söz sahibi olacaq. Bu işdə ən böyük məsuliyyət və vəzifə gənclərin üzərinə düşür. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bununla H.Əliyev gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı və gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Biz bu siyasətin nəticəsini sonrakı illərdə gənclərimizin əzmkarlığında, qələbəyə inamında gördük. 2020-ci ilin sentyabrında başlanan və tam qələbəylə başa çatan Vətən müharibəsi isə ötən illər ərzində Azərbaycan gənclərinin vətənpərvər ruhunun azalmadığını, daha da möhkəmləndiyini sübut etdi. Vətən müharibəsinin şəhid və qazilərinin əksəriyyətini gənclər təşkil edir. Bu onu göstərir ki, gənclərimiz doğru  yoldadır, Vətən sevgisi ilə, milli ruhda böyüyüblər. Bu, aparılan dövlət siyasətinin məqsədyönlü olmasına da bağlıdır. Vətən müharibəsində qələbənin qazanılmasında hamının payı, hamının töhfəsi var. Azərbaycanın bütün regionlarından gənclər dəstə-dəstə “hərbi komissarlıqlar”a müraciət edirdilər. Biz, Qarabağ Qaziləri İctimai Birliyinin üzvləri də bilirsiniz ki, cəbhə bölgələrinə gedirdik, səngərdə qəhrəman döyüşçülərimizlə çiyin-çiyinə dayanırdıq. Onlara qazilik məktəbi, keçilən döyüş yolu haqqında danışırdıq. Gənc döyüşçülərə təcrübənin öyrədilməsi də əsasdır. Gənclər şəhidlik və qazilik məktəbi barədə məlumatlı olmalıdırlar. Keçmiş döyüşçüləri səngərdə görmək də onları ruhlandırırdı. Vətən müharibəsinə Qarabağ müharibəsinin qaziləri də qoşuldu. Hətta təkrar qazi adını qazananlar, özü, övladları şəhidlik zirvəsinə ucalan qazilərimiz də oldu. Bunun özü gənclərimizə böyük örnəkdir. Vətəni təmənnasız sevməyin bir nümunəsidir. Azərbaycan xalqı millətini, dövlətini sevən xalqdır. Bunu həmişə sübut edib, 44 günlük müharibədə də yenə sübut etdi. Səfərbər olan xalqımız erməni separatçılarının xaricdəki havadarları hesabına işğal etdiyi torpaqlarımızı mənfur düşməndən azad etdi. Bu qələbədə hamının payı var. Xüsusən də qəhrəman ordumuzun. Odur ki, igid əsgərlərimizin qəhrəmanlıq dastanlarının, keçdikləri həyat yolunun gənclərə bildirilməsi, onların vətənpərvərlik ruhunda yetişməsi üçün vacib şərtdir. 
Xatırladaq ki, Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətlərinin mövcud ənənələr əsasında daha da təkmilləşdirilməsi məqsədilə bir sıra dövlət proqramlarının qəbuluna dair sərəncamlar verib. 2007-ci il “Gənclər ili” elan edilib, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Qeyd edək ki, Prezident İlham Əliyev Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan gəncliyinə böyük inam bəslədiyini bildirmişdi: “Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur. Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olub və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. 

Избранный
188
50
sherg.az

10Источники