RU

Azərbaycan - Özbəkistan əməkdaşlığında strateji müttəfiqlik - Türk dünyası birliyinə mühüm töhfə TƏHLİL

Prezident İlham Əliyev: Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub"

Azərbaycanın iştirakçısı olduğu görüşləri, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Dünya dövlətləri, təşkilatları ilə yanaşı, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Bu münasibətlər dostluq, qarşılıqlı anlaşmaya söykənir. "Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib: "Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".

Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərin təməlini təşkil edir. Xatırladaq ki, Azərbaycan Türk Şurasının yaradılması ilə bağlı saziş məhz ölkəmizdə imzalanıb. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.

MÜNASİBƏTLƏRDƏ KEYFİYYƏT BAXIMINDAN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycanın Özbəkistanla münasibələri də dostluğun və qardaşlığın təcəssümüdür. Son illərdə Özbəkistanla Azərbaycan arasında münasibətlər keyfiyyət baxımından yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji səviyyəyə yüksəlib. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlməsi əlaqələrin uğurlu inkişafının göstəricisidir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın müasir qlobal çağırışlar və mürəkkəb geosiyasi vəziyyətdə yeni keyfiyyətdə inkişafı üçün zəmin yaradılıb.

TÜRK DÜNYASININ QÜDRƏTLİ DÖVLƏTLƏRİ

2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından uğurlu olub. Həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkandır.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri - iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına təkandır. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlıq münasibətləri uğurla davam etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana növbəti səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə olmaqla yanaşı, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalamaları dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması deməkdir. "Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.

"REGİONLARIMIZDA MÜSBƏT PROSESLƏR DAŞKƏND İLƏ BAKI ARASINDA SƏMƏRƏLİ ƏMƏKDAŞLIQDAN ASILIDIR"

Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. "Regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır" – deyən Prezident bildirib ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

MÖHKƏM TƏMƏLƏ MALİK HÜQUQ-MÜQAVİLƏ BAZASI

Dövlət başçısının Özbəkistana səfəri çərçivəsində imzalanan sənədlər gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində öz sözünü deyəcəkdir. Bütün bunlar iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malik hüquq-müqavilə bazasına təkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı"nı qəbul ediblər. Daha sonra imzalanan digər sənədlər iki dövlət arasında uğurlu əməkdaşlıq üçün möhkəm təmələ malikdir.

Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb.

Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini qeyd etməliyik. İkinci Qarabağ müharibəsindən sonra Türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edirlər. Geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər daha fəaldır. Özbəkistan və Qazaxıstan hədiyyə olaraq Füzuli şəhərində orta məktəb və yaradıcılıq mərkəzi açıblar. Bu cür dostluq və qardaşlıq nümunəsi ölkələrimiz və xalqlarımız arasındakı tarixi münasibətləri daha da dərinləşdirir. Ən əsası belə addımlar nəticə olaraq Türk dünyasının möhkəmlənməsinə xidmət edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə bağlı bütün əsas layihələri icra edib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir.

"AZƏRBAYCAN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ TÜRKİYƏ VƏ AVROPA BAZARLARI ARASINDA ETİBARLI TRANZİT ÖLKƏ KİMİ ÖZÜNÜ TƏSDİQLƏYİB"

Dünyada dəyişən şərait daha sıx siyasi əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha fəal, geniş inteqrasiya, təhlükəsizlik və müdafiə sahəsində səylərin əlaqələndirilməsini zəruri edib. Müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılmasını qeyd etməliyik. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. Statistik rəqəmlərə istinadən deyə bilərik ki, Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. "Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib" – deyən Prezident Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verdiyini qeyd edib. Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək və əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
130
44
sesqazeti.az

10Источники