RU

Makron fransızların seçki iradəsinə tüpürdü- “Onlara hökumət qurmaq imkanı vermərəm”...

Image

Əli Mustafa: “Fakt odur ki, Fransada siyasi böhran yaranıb”

Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən təxminən 2 aya yaxın vaxt keçsə də, hökumət hələ də formalaşmayıb, prezident Emmanuel Makron parlamentdəki ən böyük siyasi qrup olan solçu Yeni Xalq Cəbhəsi (NFP) alyansının baş nazir namizədini təyin etməkdən imtina edib.

Fransanın ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı dayandırdığı hökumətin qurulması prosesini ötən həftə Yelisey sarayında parlamentdəki partiya liderləri və siyasi qrupların nümayəndələrini qəbul edərək yenidən başladan prezident Emmanuel Makron seçki nəticələrinə məhəl qoymamaqda günahlandırılır. Makron “sabit və əhatəli çoxluq” hökumətinin qurulması üçün danışıqların davam etdiriləcəyini açıqlasa da, sol ittifaq Makronun istisna rəftarına reaksiya verir.

Bir sözlə, Makron hökuməti qura bilmir. O da məlum olur ki, Makron həm də seçicilərin iradəsinə məhəl qoymaq, ona hörmət etmək istəmir. O baxımdan Fransada gedən proseslər nə vəd edir?

“Yenidən parlament seçkiləri keçirilsə, bu, Makronun partiyası üçün daha ciddi məğlubiyyətlə nəticələnə bilər” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, ümumən Fransada keçirilən seçkilər Makronun hakimiyyətini çox ciddi şəkildə sarsıtdı: “Məsələ ondadır ki, Fransa qarışıq siyasi sistemə malik respublikadır. Orda hökumət prezidentin və parlamentin birgə səyi ilə formalaşır. Yəni baş naziri təyin etmək səlahiyyəti prezidentə məxsusdur, amma onu parlament təsdiq etməlidir. Parlament onu təsdiq etməzsə, o zaman hökumətin səlahiyyəti olmayacaq. Ona görə də Fransada, bir qayda olaraq, prezident parlament çoxluğunun namizədini baş nazir kimi irəli sürür ki, o, səsvermədən keçsin. Son seçkilərə qədər belə problem yox idi. Çünki Makronun partiyası çoxluğu əldə edirdi və hökumət qurulurdu. Son seçkilərdə isə Makronun partiyası çoxluğu əldə edə bilmədi. Hazırda parlamentdə çoxluqda olan qüvvələr solçulardır. Makron isə istəmir ki, solçuların təmsilçisi baş nazir olsun. Həm də bu gün vəziyyət elədir ki, nəinki solçular, heç sağçılar da Makrona rəğbət bəsləmirlər. Bir sıra məsələlərlə onlar razılaşmır, əksinə, onu tənqid edirlər. Ona görə də anlaşılan odur ki, Fransada böhranlı proses hələ davam edəcək. Çünki Makronun reytinqi aşağı olmaqla yanaşı, o, o qədər siyasi yanlışlıqlara yol verib ki, artıq ona etibar etmirlər. Hamı gördü ki, ötən illər Fransanın beynəlxalq nüfuzu necə sürətlə aşağı düşdü. Nəzərə alsaq ki, Makronun partiyasının hökuməti qurmaq üçün yetərli səsi yoxdur, o zaman belə davam edərsə, yenidən parlament seçkiləri keçirilə bilər. Fakt odur ki, Fransada siyasi böhran yaranıb. Ancaq yenidən parlament seçkiləri keçirilsə, bu, Makronun partiyası üçün daha ciddi məğlubiyyətlə nəticələnə bilər. Yəni seçkilərin yenidən keçirilməsi o demək deyil ki, bu, Makron üçün uğurla nəticələnəcək. Bu baxımdan Fransada siyasi böhran göz qabağındadır. Belə davam edərsə, proseslər ümumiyyətlə Makronun əleyhinə çevrilə bilər”.

Vidadi ORDAHALLI





Избранный
131
12
baki-xeber.com

10Источники