Daha bir növbədənkənar parlament seçkilərinin geridə qaldığını əminliklə söyləmək olar. Əvvəlki növbədənkənar deputat seçkiləri ilə müqayisədə bu dəfəki iki cür yadda qaldı: oğluna, qızına, ailəsinə mandat ötürənlər və təyinatı öncədən bəlli olanlar. Üstəlik, bu dəfə daha sönük, daha idarəolunan təbliğat kampaniyası aparıldı. Artıq kimə üstünlük verildiyi keçirilən görüşlərdən, görüş yerinə göndərilən "JEK" işçiləri, təhsil işçilərindən bilmək olurdu. Belə desək, kim siyasi zəmanət alıbsa, ona da görüşlərdə geniş şərait yaradıldı. Bu gün "Sükut günü"dür və namizədlər artıq təşviqat apara bilməzlər, sabah isə səsvermə olacaq. Ancaq bu seçkilərdə irəli sürülən namizədlərin bir hissəsi, seçki mühiti Azərbaycanda insanların seçkilərə olan inamsızlığını daha da gücləndirdi. Madam ki bütün dairələr üzrə kimlərin deputat olacağını siyahılara baxanda müəyyən etmək olur, o zaman seçici iqtidarın deyil, öz seçiminin qutudan çıxacağına necə inansın?!Ən ciddi detal isə deputat ataların indi də uşaqlarını öz yerlərinə seçdirməsi ilə Azərbaycanda seçki institutuna vurulan zərbə oldu. Əslində seçki institutu ilə yanaşı dövlətçiliyə, dövlətin seçki sisteminə qarşı ciddi bir həmlə sayılmalıdır. Axı nə üçün ataları 20_30 il deputat olanların indi də övladları bu mandata sahiblənməli idilər? Ona görə "idilər" qeyd etdik ki, artıq gecdir, onsuz da mandatlarına sahibləniblər. Sadəcə cəmiyyətdə suallar var, 21 gün ərzində sosial mediada yayılan videolar da bu sualların olduğunu təsdiqlədi ki, ölkədə bir ziyalı, bir siyasətçi, bir analitik, bir nüfuzlu adam defisitdir ki, onların övladlarına, yaxınlarına "yaşıl işıq" yandırıldı?Təsəvvür edin ki, bu ölkədə obyektivliyi ilə seçilən politoloq Elxan Şahinoğlunun heç namizədliyi qeydə alınmır, amma "Odlar Yurdu"nun rektoru, deputat olmuş Əhməd Vəliyevin oğlu Samir Vəliyev deputat olur... Ölkənin ictimai-siyasi səhnəsində kifayət qədər aktiv, savadlı və hörmətli adamlar kənarda saxlanır, əvəzində Fəzail Ağamalının qızı Günay Ağamalıya "stavka" olunur. Onun da görüş yerindən necə qaçdığını hamı videolarda gördü. Yaxud Tahir Süleymanlını götürək. Özünün Şabranın deputatı olması az deyil, indi də oğlu Mahir Süleymanlını qabağa verdi. Bu doğurdanmı vacib idi? Bütün ölkə ata-bala namizədlər tendensiyasından danışır. İnsanlar bunu özlərinə qarşı saymazlıq, fironluq kimi qəbul etdilər. Yəni ki biz özümüz bilərik kim deputat olacaq, siz seçmirsiniz millət vəkilinizi...Sanki insanları ələ saldılar. Məgər Samir Vəliyev, Günay Ağamalı hansı xüsusi bacarığına görə irəli çəkildi? Əslində siyahını uzatmaq da olar - xarici işlər nazirinin müavininin həyat yoldaşı Nigar Məmmədova və başqaları da məhz bu kateqoriyadan götürüldü. Görünür ki, Milli Məclis artıq millətin deyil, məmurların, qohum-əqrəba məclisidir. Sanki parlamenti ailə podratına çevirmək istəyirlər. Yəni "müqəddəs yer" boş qalmasın və başqasına nəsib olmasın. Ona görə də uşaqlarını deputatlığa hazırlayırlar. Sözsüz ki, bir 5 il də onlar parlamentin imkanlarından, lüksündən yararlanacaq, biznesi daha da genişləndirəcək, hətta özlərini yaxşı tərəfdən göstərsələr, növbəti seçkidə də yenə mandat sahibi olacaqlar və beləcə atalarından miras qalan bu mandatı şəxsi sərvət kimi saxlayacaqlar. Cəmiyyət isə öz nəticəsini çıxardı - bu seçkiyə də bir "quş"... Azər TalıbovAnaxeber.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта