Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,16 faiz azalaraq 81,56 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 77,23 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. İndiki halda neftin ucuzlaşması Azərbaycan üçün iqtisadi risklər yaradırmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, neftin ucuzlaşması fonunda “qara qızıl” ixrac edən ölkənin iqtisadiyyatına, gəlirlərinə risk daim var.
Onun sözlərinə görə, bu risklərin idarə olunması üçün hökumətlərdə və şirkətlərdə müvafiq qruplar var: “Təbii ki, risk hər zaman var. Ona görə də risklərin idarə edilməsi üzrə həm hökumətlərdə, həm də iri şirkətlərdə xüsusi qruplar var. Onlar ştatdankənar vəziyyətlər yarandığı təqdirdə, lazımi addımlar atmaqla məsələlərin məcrasından kənara çıxmasının qarşısını alırlar”.
İ.Şaban deyib ki, neft bazarındakı hazırkı vəziyyət Azərbaycanın dövlət büdcəsinə hər hansı neqativ təsir etməyəcək: “İlin birinci yarısında neftimizin orta qiyməti 85 dollar təşkil edib. Bu, o deməkdir ki, ilin ikinci yarısında “Azeri Light”-ın orta qiyməti 65 dollaradək ucuzlaşmasının cari il üçün dövlət büdcəsinin iyundakı dürüstləşdirilmiş layihəsinə hansısa neqativ təsiri ola bilməz. Çünki büdcənin tərtibi zamanı onun orta ixrac qiymətindən gələn gəlirlər üzrə vergi ödəmələri proqnozlaşdırılır”.
Turan ORUC